«Soyqırım abidəsi»ni də ziyarət edəcək
Roma Papası Fransisk Ermənistana səfərə hazırlaşır. BBC xəbər verir ki, üç gün davam edəcək səfər zamanı Vatikan rəhbəri “Soyqırım Memorialı və Muzeyi” kimi tanınan Tsitsernakaberd abidə kompleksində ibadətə qatılacaq. Vatikanın rəsmi proqramında kompleksin adı “qırğın memorialı” kimi qeyd olunub.
Roma Papası Fransisk Birinci Dünya Müharibəsi dövründə 1 milyondan artıq erməninin qətlə yetirilməsini 20-ci əsrin ilk soyqırımı adlandırıb.
“Reuters” agentliyinin təhlilində deyilir ki, bu bəyanat ötən il kütləvi qırğınların ildönümünə həsr edilmiş anım mərasimi ərəfəsində səsləndirilmiş və Türkiyənin qəzəbinə tüş gəlmişdi.
Ankara etiraz əlaməti olaraq Vatikandakı səfirini geri çağırmışdı. Səfir Mehmet Paçacı diplomatik aləmdə əbədiyyət sayılan 10 ay ərzində Vatikana qayıtmamışdı.
Türkiyə məlum olaylar zamanı çox sayda erməninin öldüyünü etiraf etsə, onların sayını sual altına alır. Ankara həmçinin qətllərin nizamlı şəkildə baş vermədiyini və hadisələrin “soyqırım” sayıla biləcəyinə etiraz edir. Və həmin vaxt xeyli sayda türkün də öldüyünü vurğulayır.
Səfər ərəfəsində Vatikan “soyqırım” sözündən yayınmağa çalışıb.
Bu həftə jurnalistlərlə görüşən Vatikanın rəsmi nümayəndəsi Federiko Lombardi soyqırım sözünü işlətmək və onunla bağlı suallar vermək məsələsinə də toxunub: “Biz nəyin baş verdiyini bilirik. Dəhşətli qırğının olduğunu heç birimiz inkar etmirik. Biz bunu tanıyırıq. Məhz bunu anmaq üçün memorialı ziyarət edəcəyik, lakin bunun siyasi və ideoloji müzakirələr tələsinə çevrilməsini istəmirik”.
Bir sıra qərbli tarixçi ötən əsrin əvvəlində baş verən hadisələri təsvir edərkən “soyqırım” sözünü işlədir. 10-a yaxın Avropa Birliyi ölkəsi kütləvi qırğınları “söyqırım” kimi tanıyan qətnamələri təsdiqləyib.
Federiko Lombardi hadisələri “Medz yeghern” ifadəsilə təsvir etməyə üstünlük verdiyini deyir. Bu erməni dilindən “böyük qırğın” və ya “böyük fəlakət” kimi tərcümə oluna bilər. Bu ifadədən Barak Obama da daxil olmaqla bir neçə dünya lideri istifadə edib.
Ötən həftə Türkiyənin Vatikandakı səfirliyi 1977-ci ildə erməni silahlısı tərəfindən Romada qətlə yetirilən səfir Taha Carimin anım mərasimini təşkil edib.
“Reuters”in təhlilində deyilir ki, bu tədbir səfər ərəfəsində Ankaranın Vatikana xəbərdarlığı kimi də qiymətləndirilə bilər.