İqtisad elmləri namizədi, AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli azadliq.info-ya kənd təsərrüfatı sahəsindəki acınacaqlı durumla bağlı yazı yollayıb yazını təqdim edirik.
Azərbaycan hökuməti kənd təsərrüfatını sistemli qaydada dağıdıb, məhv edib. Toxumçuluq, damazlıq sıradan çıxarılıb. Əkin sahələrinin strukturu sistemsiz olduğu üçün primitiv əkinçilik fəaliyyətini xatırladır və bu, Azərbaycanın gələcəyinə yaxşı heç nə vəd etmir.
Bitkiçilikdə, heyvandarlıqda istehsal göstəriciləri ən aşağı həddə endirilib. Ölkəyə əsas qida məhsulları xaricdən gətirilir və get-gedə idxaldan aslılıq inhisarçı məmurların maraqlarına uyğun olaraq artmaqda davam edir. Buğda, ət, süd, tərəvəz, kartof, bitki yağı, çay, şəkər və digər kənd təsərrüfatı məhsullarının idxalı ciddi şəkildə artıb. Bu ilin yanvar –may aylarında ət idxalı 31%, kərə yağı 37%, şəkər 28%, çay 67%, bitki və heyvan mənşəli yağlar 14%, meyvə- tərəvəz idxalı isə 35 faiz artıb. Buğda və süd idxalında azalmalar göstərilsə də, 5 ay ərzində idxal olunan 556 min ton buğda ölkənin təlabatını 100 faiz ödəyib. Yəni ölkənin ərzaq buğdasına olan təlabatı tamamilə idxalın hesabına ödənilib. Böyük həcimdə idxal olunan kərə yağını südə çevirəndə isə süd idxalı 10 dəfədən də çox artmış olur.
Çox pis hal kimi kənd təsərrüfatı məhsullarının ixracının kəskin azalmasıdır. Beş ay ərzində çay ixracı 70%, şəkər 53%, bitki və heyvan mənşəli yağların ixracı isə 82 faiz azalıb. Meyvə- tərəvəz ixracında artım göstərilsə də, bu idxal olunan 186 min ton məhsulun bir hissəsinin, 107 min tonunun sonradan ixrac edilməsi hesabına mümkün olub. Bu kimi göstəricilər hökumətinin aqrar siyasəti düzgün müəyyənləşdirə bilməməsindən və qeyri-peşəkarlığından xəbər verir.