2016-cı ilin ilk rübü üzrə Azərbaycanın tədiyə balansının ümumi saldosu (kəsiri) mənfi 1 milyard 270.8 milyon dollar təşkil edib. Bu, ölkədən çıxan pulun daxil olan puldan çox olduğu deməkdir.
2015-ci ilin ilk rübündə Azərbaycanın tədiyə balansının kəsiri 4 milyard 590.6 milyon dollar idi. Ötən ilin anoloji dövrü ilə müqayisədə tədiyyə balansının kəsiri 3,6 dəfə azalıb.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-mart aylarında xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olmuşdur. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks etdirir. 2016-cı ilin yanvar-mart aylarında tədiyə balansında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 1 milyard 2 milyon dollar olmuşdur.
Cari əməliyyatlar hesabı
2016-cı ilin yanvar-mart aylarında cari əməliyyatlar hesabında 432.1 mln. $ məbləğində kəsir yaranmış, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 522.5 mln.$ məbləğində olmuşdur. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 954.6 mln. $ məbləğində kəsirinin 55%-ni örtmüşdür.
Xarici ticarət balansı
Xarici ticarət dövriyyəsi 4.5 mlrd. $ təşkil etmiş və xarici ticarət balansı 622 mln. $ məbləğində müsbət saldo ilə nəticələnmişdir. 2016-cı ilin yanvar-mart aylarında Azərbaycanın dünyanın 144-dək dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 11%-i MDB üzvü olan dövlətlərin, 89%-i isə digər xarici dövlətlərin payına düşür. Dövlətimizin Türkiyə, İtaliya, Rusiya, Birləşmiş Krallıq, ABŞ, Almaniya, Fransa, Yaponiya, Sinqapur və Çexiya ilə daha intensiv ticarət əlaqələri olmuşdur. (Ümumi ticarətdə bu ölkələrin payı 65.6% təşkil etmişdir).
Əmtəə ixracı
Hesabat dövründə əmtəə ixracı 2.6 mlrd.$ təşkil etmişdir. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 91% olmuşdur. Xarici dövlətlərə 1.9 mlrd.$ neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft məhsullarının 114.2 mln.$-ı neft emalı məhsullarının, 1.8 mlrd. $-ı isə xam neftin ixracının payına düşür. 2016-cı ilin yanvar-mart aylarında ölkənin qeyri neft-qaz ixracı 228.7 mln.$ təşkil etmişdir.
Əmtəə idxalı
Hesabat dövründə əmtəə idxalı 1.9 mlrd. $ təşkil etmişdir. İstehlak mallarının idxalının ümumi dəyəri isə 761.7 mln. $ olmuşdur. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 38.2% təşkil etmişdir.
Xidmətlər balansı
2016-cı ilin yanvar-mart aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuş və bu xidmətlərin ümumi həcmi 2.7 mlrd. $ təşkil etmişdir. Bunun 1.7 mlrd. $-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.0 mlrd.$-ı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Qarşılıqlı xidmətlər dövriyyəsinin 16.5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 448 mln. $ olan nəqliyyat xidmətlərinin 57.2%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 256 mln. $, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 192 mln. $ təşkil etmişdir.
İlkin gəlirlər balansı
Hesabat dövründə gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 776 mln. $-a çatmışdır. Bunun 73%-ni (567 ml. $) Azərbaycandan ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (313 mln.$) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində) təşkil edir.
Təkrar gəlirlər balansı
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 374 mln.$ məbləğində qiymətləndirilmişdir. Bu məbləğin 50.4%-ni ölkəyə daxilolmalar təşkil edir. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 95%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 3.5%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 1.5%-ni isə digər daxilolmalar təşkil edir. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 3.3 mln. $ təşkil etmişdir.
Maliyyə hesabı
2016-cı ilin yanvar-mart aylarında xalis maliyyə aktivlərimiz 3.1 mlrd.$ artmışdır. Bu göstərici əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (770.6 mln.$), portfel investisiyaları (-19.8 mln.$) və digər investisiyalar (2308.2 mln.$) hesabına formalaşmışdır. Hesabat dövründə xalis maliyyə öhdəliklərimiz isə 1.1 mlrd.$ təşkil etmişdir ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (864.1 mln.$), portfel investisiyaları (582.8 mln.$) və digər investisiyalar (-316.9 mln.$) hesabına formalaşmışdır
Birbaşa investisiyalar
Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1.6 mlrd. $ olmuşdur. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 85.5% təşkil etmişdir. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 236.6 mln. $ olmuşdur.
Kreditlər və digər investisiyalar
Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 6.7 mln.$, xalis maliyyə öhdəlikləri isə 215.4 mln.$ azalmışdır. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 1.5 mlrd.$ artmış, xalis maliyyə öhdəlikləri isə 140.9 mln.$ azalmışdır.
Ehtiyat aktivləri
Hesabat dövründə ölkənin ehtiyat aktivləri 1 milyard 271 milyon dollar məbləğində azalmışdır.
Tədiyə balansı nədir?
Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.