Ekspertə görə, istiqrazlara 12-dən artıq faizin qoyulması bank əmanətlərinə marağı azaldır
Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yeni emissiyasının prospektini dövlət qeydiyyatına alıb. Palatadan “Report”a verilən məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 4 mln. ədəd istiqrazdan gedir. Emissiyanın nominal üzrə ümumi həcmi 400 mln. manat təşkil edir.
Qiymətli kağızların yerləşdirilməsi Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək.
Amma Maliyyə Nazirliyinin istiqrazları satışa çıxarması bank sektoru üçün ciddi zərbədir. Onsuz da ağır günlərini yaşayan bank sektoru bu addımdan sonra daha da çətin duruma düşə bilər.
Birincisi, ona görə ki, Maliyyə Nazirliyinin istiqrazlar üçün təklif etdiyi faiz dərəcəsi bank faizlərindən yüksəkdir. Bu istiqrazları banka əmanət qoymaqdan daha cəlbedici edir.
Istiqrazların yaratdığı ikinci bir təhlükə dövlət vəsaitləri ilə bağlıdır. Çünki istiqrazlar üçün nəzərdə tutulan faizi dövlət verir. Daha bir təhlükəli və ən vacib məqam bankların özlərinin istiqraz alqı-satqısında iştirakıdır. Banklar hazırda iqtisadiyyatın böyük ehtiyac duyduğu vəsaitləri iqtisadiyyatın investisiyalaşmasına deyil, istiqrazlara yönəldir. Nəticədə iqtisadiyyat kreditləşmə imkanlarından məhrum olur.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, Maliyyə Nazirliyinin dövriyəyə əlavə istiqraz buraxması mövcud vəziyyəti daha da pisləşdirəcək. Azərbaycanın neft gəlirlərinin artdığı dövrdə Maliyyə Nazirliyinin Mərkəzi Bankla birgə çox bahalı kreditlər dövriyyəyə buraxdığını xatırladan N.Əliyev vurğuladı ki, nəticədə bəlli oldu ki, Azərbaycan əhalisinin vəziyyəti həddindən artıq ağırlaşıb və həmin kredit faizlərinin gətirdiyi əlavə yükü daşımaq imkanında deyil: “Hazırda da bütün olanlardan sonra Maliyyə Nazirliyi az qala bank funksiyasını yerinə yetirməklə məşğuldur. Əvvəlcə aşağı faizlərlə istiqrazların dövriyyəyə buraxılmasından danışılırdı. Amma istiqrazlara 12-dən artıq faizin qoyulması yanlışdır. Bu zaman banklar hansı faizi qoymalıdırlar? Amma onu da nəzərə almaq lazımdır ki, manatın gələcəyi çox qeyri-müəyyəndir. Ona görə əhali arasında həmin istiqrazlara pul verənlər tapılmayacaq”.
Xəyal