Sabiq səhiyyə naziri Əli Insanovun ətrafında yaradılan ajiotajın pərdəarxası barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, baş verənlərin arxasında hakimiyyətdəki qruplaşmalar dayanır. Məqsəd isə Əli Insanovun azadlığa buraxılmasını əngəlləmək, eyni zamanda hakimiyyətdəki Qərbi Azərbaycan qruplaşmasını tamamilə sıradan çıxarmaq üçün zəmin hazırlamaqdır.
“Əli Insanovun həbsdən çıxdıqdan sonra qisas alacağı, mübarizə aparacağı və s. barədə məlumatlar yalnız hökumətöynlü mediada yayılır. Bu da təsadüfi deyil. Əli Insanovun həbs müddəti oktyabr ayında bitir. Yəni, onun azadlığa çıxmasına bir neçə ay qalıb. Bu ərəfədə birdən-birə Əli Insanovun adından hakimiyyəti hədələyən açıqlamalar yayılır. Amma Əli Insanovun bunu harada, kimə dediyi bəlli deyil. Sabiq nazir adətən vəkili vasitəsilə mediaya açıqlamalar verir. Bəs niyə bu dəfə belə olmayıb? Cavab sadədir. Əli Insanovun ətrafında bu cür ajiotaj yaratmaqla onun həbsdən çıxmasını əngəlləmək və iqtidardakı Qərbi Azərbaycan klanını tamamilə sıradan çıxarmağa çalışırlar. Bu məsələdə xüsusilə hakimiyyətdəki Naxçıvan qruplaşması fəallıq göstərir. Qərbi Azərbaycan klanı onsuz da Əli Insanovun həbsilə kifayət qədər zəifləyib. Lakin hələ də Naxçıvan qruplaşmasına təhlükə yarada bilər”, – deyə mənbə bildirmişdi.
Dünən Əli Insanov vəkili vasitəsilə bu məlumata görə, qəzetimizə təşəkkür edib və xəbərin həqiqətəuyğun olduğunu bildirib.