İŞİD terror təşkilatının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəni terrorla hədələməsi adıçəkilən idarədə narahatçılıqla qarşılanıb. Gununsesi.info-nun yaydığı məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının toplantısı keçirilib. Məlumatda qeyd olunur ki, iclasda Şeyxin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Şeyxin təhdid olunması barədə xəbərə münasibət bildirərkən deyib ki, bu tipli məlumatı ciddi qəbul etmirlər: “Eyni zamanda onu deyə bilərəm ki, ölkəmizdə təhlükəsizlik məsələlərinə ciddi önəm verilir. Həmçinin hörmətli Şeyx həzrətlərinin təhlükəsizliyi həmişə olduğu kimi, bu gün də lazımi səviyyədə təmin olunur. Bundan əvvəl də Azərbaycanda mühüm beynəlxalq tədbirlər ərəfəsində kimlərsə məqsədli şəkildə müxtəlif şayiələr, heç bir əsası olmayan, qeyri-ciddi məlumatlar yayaraq Azərbaycanda ictimai-siyasi durumu neqativ fonda təqdim etməyə çalışırdı. Lakin bu cəhdlər heç vaxt hədəfə çata bilməz. Çünki Azərbaycan təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyi ölkədir, bütün məsələlər aidiyyəti orqanların nəzarətindədir. Azərbaycan ictimaiyyəti də bunu görür və yüksək qiymətləndirir”. Məsələyə DİH -də münasibət bildirib. Qurumun mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu məsələnin mediada müzakirə olunmasının əleyhinə olduğunu deyib: “Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyi qorunur. Amma mən konkret bu məsələ ilə bağlı hər hansı bir şərh vermək istəmirəm”.
QMİ-dən isə “Azadlıq”a bildirilib ki, qurumda təhlükəsizliklə bağlı toplantı keçirilməyib.