Ermənistan prezidenti Avrasiya İttifaqının Astana iclasında Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolundan danışıb. ANS PRESS-in məlumatına görə, Serj Sarkisyan deyib ki, aprel döyüşlərinin bitməsində Rusiya böyük rol oynayıb.
“Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri sakit izləyə bilmir. Əlbəttə ki, döyüşlərdən sonra Qarabağın “özünümüdafiə” dəstələri öz sıralarını bərpa etdi. Burada Rusiyanın rolu çox əhəmiyyətli oldu”, – deyə Ermənistan prezidenti bildirib.
Sarkisyan deyib ki, rəsmi İrəvan münaqişənin sülh yolu ilə həlli üçün variantlar axtarışındadır. “Amma aprel ayında baş verən hadisələr Avrasiya İttifaqının sərhədlərinin təhlükəsizliyi üçün bir çağırış idi. Avrasiya İttifaqının gələcəyə iki yolu var: ya iqtisadi sabitlik, təhlükəsiz zonaya çevrilmək, ya da gərginliyin və düşmənçilin daimi mərkəzinə çevrilmək”.
İclasda Ermənistan prezidenti ilə yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri də iştirak edir.