Ekspertlərə görə, manat kütləsinin güclü artımından hələ ki, söhbət gedə bilməz
Xəbər verdiyimiz kimi nüfuzlu maliyyə qurumlarının hazırkı iqtisadi böhranda Azərbaycan hökumətinə əsas tövsiyyəsi bundan ibarətdir ki, manat kreditləri bərpa olunmalıdır. Yalnız bu addım atılacağı təqdirgə iqtisadiyyatda yenidən canlanma yaratmaq olar. Banklar isə manat krediti verməkdə bir o qədər də maraqlı görünmürlər. Amma redaksiyamıza edilən zənglərdən belə məlum olur ki, bəzi banklar manatla kredit xəttlərini yenidən aktivləşdiriblər. Məsələn, «Bank of Baku» keçən il baş verən 2-ci dekabr devalvasiyasından sonra plastik kartla açdığı («Bolkart») kredit xəttini kəskin azaltmışdı. Amma son məlumatlara görə artıq müştərilərin dekabr devalvasiyasına qədər olan kredit balansı yenidən bərpa olunub.
Eyni zamanda oxşar adımı digər banklar da atır. Onlar da manat kreditləşməsiylə bağlı müxtəlif kampaniyalara başlayıblar. Bu isə o anlama gəlir ki, beynəlxalq maliyyə qurumlarının tövsiyyələri qismən də olsa, yerinə yetirirlər.
İqtisadçı Samir Əliyev bildirdi ki, manat kütləsinin güclü artımından hələ ki, söhbət gedə bilməz. Mərkəzi Bankın iqtisadi aktivliyin aşağı düşdüyünü nəzərə alaraq manatı iqtisadiyyata yönəltmək barədə yollar axtardığını deyən S.Əliyev bildirdi ki, Mərkəzi Bank ötən ay kreditlərlə bağlı yeni qaydalar qəbul edib: «Yeni qaydalar mərkəzləşdirilmiş kreditləri nəzərdə tutur. Burada məqsədli kreditlər də var. Kreditlərin verilməsi ilə bağlı hərraclar təşkil olunacaq. Bu kreditlər əvvəllər də verilirdi. Amma əvvəllər bu barədə heç bir məlumat ala bilmirdik və bu kreditləri yalnız bir neçə bank ala bilirdi, digər banklar kənarda qalırdı. Görünür, Mərkəzi Bank bu qaydaları tətbiq etməklə manat kütləsinin artırılması barədə düşünür».
Digər bir tərəfdən MB-nin keçirilən valyuta hərraclarında xarici valyuta almağa başladığını deyən S.Əliyev vurğuladı ki, bununla dövriyyəyə manat buraxılır. Məsələn, may ayında Mərkəzi Bank 150 milyondan çox dollar alıb. Ona görə bankların əlində bir qədər manat kütləsi yaranıb. Amma bu böyük həcm deyil. «Banklarda manatla bağlı müəyyən gözlənti də yaranıb. Yəni manat yaxın zamanlarda böyük devalvasiyaya uğraya bilməz. Buna görə manatla bağlı kreditlər müəyyən dərəcədə stimullaşdırılıb», deyə S.Əliyev vurğuladı.
Xəyal