Samir Əliyev: «Düzgün idarəetmə olmayanda, həddindən artıq lazımsız işçilər götürüləndə xidmətlərin maya dəyəri bahalaşır»
“Azərbaycan Hava Yolları” (AZAL) QSC üzrə 2015-ci ildə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 2,9 dəfə, 2014-cü illə müqayisədə isə 2,2 dəfə artaraq 31 milyon 894,3 min manata çatıb.
Bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunub.
Həmçinin, hesabat dövründə şirkət üzrə dövlət büdcəsinə olan borcun həcmi 11 milyon 312,1 min manat və ya 243 dəfə artaraq 11 milyon 358, 7 min manat, artıq ödəmələrin həcmi 45 milyon 527, 7 min manat azalaraq 1,2 min manat təşkil edib.
Həmin dövrdə “Azərbaycan Dəmir Yolları” QSC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 3,5 dəfə, 2014-cü illə müqayisədə isə 2 dəfə artaraq 6 milyon 660,8 min manata yüksəlib. Habelə, hesabat ilində cəmiyyət üzrə dövlət büdcəsinə olan borcun həcmi 4 dəfə artaraq 3 milyon 702,7 min manat, artıq dövriyyənin həcmi isə 20,2% azalaraq 5 milyon 435, 8 min manat təşkil edib.
Maraqlıdır ki, dövlət başçısının təbirincə desək AZAL-ın təyyarələri dövlət tərəfindən alınır, hava limanları dövlətin ayırdığı maliyyə hesabına tikilir. Belə olan halda şirkətin külli miqdarda borca girməsi nəylə bağlıdır? Özü də onu nəzərə almaq lazımdır ki, AZAL-ın xidmətlərinin dəyəri də ucuz deyil. Digər şirkətlərlə müqayisədə AZAL-da biletlərin qiyməti bahadır.
İqtisadçı Samir Əliyev bildirdi ki, həqiqətən də şirkətin təyyarələri dövlət büdcəsindən ayrılan vəsait hesabına alınır, hava limanlarının tikiliş və təmirini dövlət həyata keçirir. Bütün bunların fonunda AZAL-ın qiymətləri də ucuz deyil. S.Əliyevin sözlərinə görə, son vaxtlar şirkət bəzi proyekt layihələr həyata keçirsə də məlum olur ki, həmin layihələr bir o qədər də sərf etmir: «Düzgün idarəetmə olmayanda, menejment düzgün qurulmayanda, həddindən artıq lazımsız işçilər götürüləndə xidmətlərin maya dəyəri bahalaşır. Xidmətlərin maya dəyəri bahalaşdığından gəlirlər aşağı düşür. Diqqət yetirin. AZAL dövlətdən dəstək alır, amma şirkətin göstərdiyi xidmətlər bahadır. Ona görə də müştərilər digər şirkətlərin xidmətindən istifadə edir. Yəni AZAL müştərilərini itirir. Buna səbəb şirkətin qiymətlərini aşağı salmamasıdır».
S.Əliyev bildirdi ki, AZAL dövlət qarşısında öhdəliklərini vaxtında yerinə yetirmir. Halbuki bunu özəl şirkət yola versəydi, şirkətə qarşı kəskin sanksiyalar tətbiq edilərdi. «Bütün bunlar o anlama gəlir ki, dövlət şirkətlərinin sahibkarlıqda rolu getdikcə məhdudlaşdırılmalıdır. Kommunaldan tutmuş, nəqliyyat daşımalarına qədər. Amma hazırkı halda AZAL idaretmə menejmentini dəyişməlidir», deyə S.Əliyev vurğuladı.
Xəyal