Əli Kərimli: «Xalq olaraq, bu dövlətə, onun hakimiyyətinə və sərvətlərinə sahib çıxmadıqca belə də davam edəcək»
Mayın 30-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.
Bina Cənubi Koreyanın “Heerim Architects&Planners Co. Ltd” şirkətinin “külək-alov” konsepsiyası əsasında inşa olunub. Tikintini Türkiyənin “TEKFEN Inşaat və Təchizat” şirkəti aparıb.
Layihə ilkin olaraq 235.4 milyon ABŞ dolları məbləğində dəyərləndirilib.
Mətbuatda verilən məlumatlara görə, ətrafda abadlaşdırma işlərinə isə əlavə 100 milyon dollara yaxın vəsait sərf olunub. Bütünlükdə bu işlərə 335 milyon dollar pul xərcləndiyi qeyd edilir.
Müstəqil ekspertlər isə düşünürlər ki, SOCAR-a böyük pullara başa gələn yeni inzibati bananın tikilməsinə ehtiyac yox idi. Bu qurumun özünün 6 milyard dollardan çox borcu var.
AXCP sədri Əli Kərimli SOCAR-ın yeni binasının açılışı ilə əlaqədar feysbuk səhifəsində yeni qeyd paylaşıb. Əli Kərimli yazır: “Gözünüz aydın, daha heç kim intizarda qalmasın. SOCAR hündürlüyü 200 metr olan, 40 mərtəbəli yeni ofisinin açılışını etdi. Həmin SOCAR ki:
– Bakının ən gözəl və tarixi binalarından birində yerləşirdi;
– Guya pulsuzluqdan son illərdə minlərlə işçisini ixtisar etmişdi;
– Ötən ili bir milyard manat ziyanla başa vurub;
– 1980-ci illərdə dənizdə tikilmiş platformaları təmir etməyə, dənizçilərə xüsusi qoruyucu paltarlar, müvafiq xilasedici qayıq və gəmi almağa “pul tapmayıb” (Ötən ilin dekabrında “Günəşli” neft yatağının 10-cu platformasında baş vermiş yanğını və nəticələrini xatırlayın).
– 8.2 milyard dollar xarici borcu olduğu bildirilir;
– Xalqımıza yanacağı xaricilərə satdığından xeyli baha satır.
Və sonra da xalqın boğazından kəsib topladığı pullarla erməni kilsələrini pulsuz qazla təmin edir, beynəlxalq idman oyunlarına, varlı futbol klublarına sponsorluq edir, 200 milyon avronu Monteneqroda müəmmalı fiziki şəxs (sizcə kimlər ola bilər?) adından kurort tikintisinə yatırıb, daha 300 milyon da yatırmağı planlaşdırır, yalnız bir vitse-prezidenti üçün tikilən villanın təkcə mərmər işlərini görmək üçün 1.5 milyon dollarlıq müqavilə bağlayır.
Indi bütün bu korrupsiya və israfçılığın məntiqi nəticəsi olaraq, böhran dövründə özünə 335 milyon dollara başa gələn, 200 metr hündürlükdə ofis tikdirib. Xalqa saymazyana münasibətin, onun özünü ac saxlayıb, sərvətlərini ya mənimsəməyin, ya da israf etməyin bariz nümunəsi. Xalqımız müdrikdir. Deyir axı, yeməyənin payını yeyərlər. Biz xalq olaraq, bu dövlətə, onun hakimiyyətinə və sərvətlərinə sahib çıxmadıqca belə də davam edəcək. Belə davam etməməsi üçün yenidən qamətimizi düzətməliyik, təşkilatlanmalıyıq, bizə məxsus olanlara sahib çıxmağı bacarmalıyıq!”.