«The Washington Post» qəzetində David Ignatius Suriyada «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qarşı mübarizədə ABŞ-Türkiyə əməkdaşlığından yazır. Türkiyə İncirlik hava bazasını ABŞ təyyarələrinin üzünə açıb. Ancaq Ankaranın etirazlarına baxmayaraq, ABŞ-ın İD-ə qarşı hərbi strategiyası YPG kürd döyüşçülərinə əsaslanır. ABŞ sünni ərəb qüvvələri və kürdləri Suriya Demokratik Qüvvələri adı altında birləşdirib. Amerikalı generallar türk rəsmilərini «əla tərəfdaş» adlandırır, eyni zamanda, YPG-yə də «quruda çox yaxşı tərəfdaş» deyir.
Amma Türkiyə ordusunun rəhbər müavini general Yaşar Güler amerikalı generala deyib ki, «İŞİD-lə müharibə sərtləşəndə, YPG sizi bada versə, təəccüblənməyin». Xəbəri «Huriyyet» qəzeti yayıb. Güler Birləşmiş Ştatları Suriyanın şimalında İŞİD-ə qarşı savaşan mötədil ərəb qüvvələri dəstəkləməyə çağırıb, nəinki suriyalı kürdlərə bel bağlamağa.
«Bu söz atışması ABŞ kampaniyasının Türkiyə ordusunu necə gücləndirdiyini göstərir, hərbi təmasların da əhəmiyyətini artırıb», – Türkiyə üzrə təhlilçi Bülent Alirıza deyir. «Erdoğan-nın hakimiyyətini gücləndirməsinə baxmayaraq, o, generallara ABŞ-la əməkdaşlığın bərpası səlahiyyəti verib».
Müəllif gələcəkdə ABŞ-Türkiyə toqquşmasının əngəllənməsindən ötrü təklif edir ki, Türkiyə YPG və PKK siyasi rəhbərliyi ilə dinc dialoq yollarını axtarsın; Birləşmiş Ştatlar Suriyada dəstəklədiyi qüvvələri «Rojava peşmərgələri» adlı digər kürd qüvvələri hesabına böyütsün ki, bu da Türkiyə və Suriya müxalifətindən ötrü qəbulediləndir. «Roj peş» adlı bu qüvvələri Kürdüstan Regional Hökuməti və onun prezidenti Masoud Barzani dəstəkləyir və onlara təlim keçir.
«Bu kürd qüvvələri nəyə nail olacaq? Onlar hazırda ABŞ strategiyasında böyük bir boşluğu doldurmuş olarlar. «Roj peş»in briqada generalı Rejeb Dehdo deyir ki, hazırda İraqda 3 min təlim görmüş döyüşçüsü var, onlar ABŞ komandanlığı altında YPG ilə əməkdaşlığa hazırdırlar». (azadliq.org)