ABŞ-ın Ohayo ştatının Sinsinnati şəhər zooparkında işçilər 17 yaşlı qorillanı öldürmək məcburiyyətində qalıblar. Bu canlının qəfəsinə 3 yaşlı uşağın düşməsindən sonra baş verib. Nəşrin yazdığına görə, uşaq iməkləyərək qorillanın qəfəsinə düşüb, bu zaman erkək cinsli Harambe adlı qorilla uşağı qucağına götürüb və qəfəsdə gəzdirməyə başlayıb. Bir neçə yerli mənbə iddia edir ki, qorilla heç də xoş niyyətli görsənməyib, onun hərəkətləri aqressiv olub. Qorillanın əlinə düşən 4 yaşlı oğlan uşağı bu zaman qışqıraraq ağlayıb. Bütün bunlar 10 dəqiqə davam edib, daha sonra zoopark işçiləri meymunu öldürüb.
Hadisə nəticəsində uşağı yüngül xəsarətlərlə xəstəxanaya yerləşdiriblər. Bir müddət sonra zoopark direktoru Teyn Meynard açıqlama verərək bildirib ki, belə bir insident ilk dəfədir ki baş verir. Onun sözlərinə görə, əvvəllər qorilla ilə heç bir problem olmayıb. Qurum rəhbəri qeyd edib ki, zooparkın əməkdaşları çox çətin amma düzgün qərar veriblər.
“France Press” yazır ki, zooparkın çevik müdaxiləetmə qrupu qorillanı ona görə güllələyib ki, sakitləşdirici maddələr bu çəkidə olan heyvana qısa müddətdə təsir etməyə bilərdi. Meynard qeyd edib ki, müdaxiləetmə qrupunun fikirincə qorilla uşağa xəsarət yetirə bilərdi.
“”Bizim müdaxiləetmə qrupu bu vəziyyəti həyata təhlükəli hesab edib. Onlar bu uşağı xilas ediblər” – deyə zoopark direktoru Teyn Meynard bildirib.”
Hadisədən sonra zooparkda 11 gorilla qalıb. İnsidentə baxmayaraq zoopark adi rejimdə işini davam etdirir.