Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:
Qorxunun təsiri altında vintlərin bərkidilməsi
1968-ci ilin Praqa baharı bütün sosilalizm sisteminin canına üşütmə saldı. Dünyanın ən qabaqcıl sosial-iqtisadi sistemi kimi təbliğ edilən Şərq bloku dərin böhran mərhələsinə qədəm qoydu. Mən 2008-ci ildə Vyanada “Praqa baharı və 1968-ci ilin beynəlxalq böhranı” sənədlər toplusunu nəşrə hazırlayan beynəlxalq redaksiya kollegiyasının üzvü olduğum üçün Sovet rəhbərliyinin bu böhranla bağlı keçirdiyi bütün hiss və həyəcanı nəşrə hazırlanan sənədlərdən duymuşam. Bu böyük layihəni Avstriyanın Lüdviq Boltsman Institutu, Amerikanın Nyu-Orlean Universiteti, Rusiya Elmlər Akademiyası, Çexiya Ən Yeni Tarix Institutu və Almaniya Ən Yeni Tarix Institutu həyata keçirirdi. Iş elə gətirdi ki, biz 1968-ci ilin Praqa hadisələri ilə bağlı yalnız Rusiya, keçmiş Sovet sənədlərini deyil, Çexoslovakiya, Avstriya, Almaniya Federativ Respublikası və digər ətraf ölkələrin arxiv sənədlərini də araşdırmalı olduq. Nəticədə, Köln və Vyanada alman və rus dillərində ümumi həcmi 1590 səhifədən ibarət olan nəhəng bir sənədlər toplusu ərsəyə gəldi.
Bu sənədlər içərisində mənim diqqətimi cəlb edən mühüm məsələlərdən biri də SSRI-nin partiya və hökumət rəhbərliyinin Çexoslovakiya hadisələrinin sovet milli respublikalarına keçmək təhlükəsindən ehtiyatlanması idi. Bu qorxunun təsiri altında Siyasi Büro millətçilik meyllərinin müşahidə edildiyi Sovet respublikalarında və bütövlükdə ölkədə vintlərin bərkidilməsinə qərar verdi. Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edildikdən sonra Yuri Andropov Sov.IKP MK-nın qərarına uyğun olaraq kapitalist ölkələrinin “ideoloji təxribatlarına” qarşı mübarizəni gücləndirmək məqsədilə təhlükəsizlik komitəsində Beşinci Idarə yaratdı. Əsasnaməyə görə, həmin idarənin şöbə və bölmələri DTK-nın ərazi orqanlarında da yaradıldı. Bu idarəni yaratmaqda əsas məqsəd ölkə daxilində elmdə, mədəniyyətdə, ədəbiyyatda və sənətdə gedən proseslərə nəzarət etmək, millətçilik meyllərinin qarşısını almaq, yadfikirliliyə qarşı mübarizə aparmaqdan ibarət idi.
1968-ci ilin mayında Yuri Andropov Sov.IKP MK-nın Baş katibi Leonid Brejnevə yazırdı: “Əgər sosializmi içindən sarsıtmaq üçün düşmənin öz niyyətlərində millətçilik təbliğatına böyük ümid bəslədiyini nəzərə alsaq, DTK orqanları ölkənin bir sıra rayonlarında (Ukrayna, Pribaltika, Azərbaycan, Moldova, Ermənistan, Kabardin-Balkar, Çeçen-Inquşetiya, Tatarıstan və Abxaziya MSSR) təşkilatlanmış millətçilik fəaliyyətinə yönəlmiş cəhdlərin qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirib”.
“Praqa baharı” təhlükəsi
Ümumi əsasnamyə uyğun olaraq Azərbaycan DTK-nın tərkibində 5-ci şöbəsi yaradıldı. Vəli Axundovun təqdimatı əsasında Sumqayıt şəhər partiya komitəsinin ikinci katibi işləyən Ramiz Məmmədzadə bu şöbəyə rəis təyin edildi. Praqa hadisələri başlandıqdan sonra sərhədlərin möhkəmləndirilməsi Sovet rəhbərliyinin və SSRI DTK-nın qarşısında duran vacib məsələlərdən biri idi. Respublika rəhbərliyi bu sahədə yerli kadrların irəli çəkilməsində maraqlı idi. Məhz, Vəli Axundovun səyi ilə SSRI sərhəd qoşunları sistemində kifayət qədər yaxşı karyerası olan polkovnik Mustafa Nəsirov 1968-ci ildə Zaqafqaziya Sərhəd Dairəsi Əməliyyat-Qoşun şöbəsi rəisinin müavini vəzifəsinə təyin edildi.
1968-ci ildə xarici radiosəsləri vurmaq üçün Pribaltika və Zaqafqaziyada güclü səsboğucu stansiyalar qurulsa da, Çexoslovakiya hadisələri SSRI-də anti-sovet əhval-ruhiyyəni, milli respublikalarda isə millətçilik meyllərini daha da gücləndirdi. Praqadakı hadisələrlə bağlı gizli yollarla alının məxfi məlumatlardan, Siyasi Büro iclaslarındakı müzakirələrin sənədlərindən aydın olur ki, deklarativ bəyanatlardan fərqli olaraq, sovet rəhbərliyində sosializmin möhkəmliyinə elə də böyük əminlik olmamışdı. Əldə olunan sənədlər göstərir ki, bir sıra hallarda SSRI-nin siyasi rəhbərliyi “Praqa baharının” nəinki digər sosialist ölkələrinə, hətta sovet cəmiyyətinin müxtəlif təbəqələrinə, ilk növbədə isə ziyalılara və tələbə-gənclərə, milli respublikalarda millətçi dairələrə mənfi təsir göstərəcəyindən ehtiyatlanırdılar. Xüsusilə, Slovakiyanın timsalında “Praqa baharının” milli çalarlar kəsb etməsi, həmin hadisələrin sovet respublikalarına təsiri baxımından sovet rəhbərliyi üçün müəyyən dərəcədə çəkindirici amil rolu oynayırdı. Çexoslovakiya hadisələrinin dərinləşməsinin gedişində Sov.IKP MK Siyasi Bürosunun 1968-ci il martın 3-də keçirilən iclasında ideoloji baxımdan əhaliyə mənfi təsir göstərə biləcək memuar ədəbiyyatının üzərində nəzarətin gücləndirilməsi, müəyyən məsələləri özündə əks etdirən arxiv sənədlərinin ayrı-ayrı adamların əlinə keçməsinin qarşısının alınması, Yazıçılar Ittifaqına diqqətin artırılması və gündən-günə güclənən dissident hərəkatının qarşısının alınması tövsiyə edildi. Leonid Brejnev həmin iclasda ziyalılarla iş məsələsinin ciddi məsələ olduğunu və bunu sadəcə olaraq inzibati yollarla həll etməyin mümkünsüzlüyünü etiraf etdi. O bildirdi ki, sovet hakimiyyətinə qədər də, sovet hakimiyyətinin bütün dövrlərində də bu məsələyə xüsusi əhəmiyyət verilib və ziyalıların müəyyən dairəsi, o cümlədən yazıçılar həmişə mükafatlandırılıblar.
Sənədlər niyə məhv edilirdi?
1968-ci ilin yayında Çexoslovakiyada vəziyyət və Rumın rəhbərliyinin bəzi xarici siyasi addımları haqqında Moskvadan gəlmiş məxfi məlumatlarla respublika partiya, dövlət və hökumət rəhbərləri tanış olduqdan sonra başqalarının əlinə keçməmək üçün sənədlər aktlaşdırılıb məhv edilirdilər. Məsələn, 1968-ci ilin may ayının 8-də Sov.IKP MK-dan alınmış “Çexoslavakiya hadisələri haqqında məlumat”ın məhv edilməsi haqqında aktda deyilirdi: Məlumat rotatorda (surət çıxaran aparat) 70 nüsxə çoxaldılmış, şəhər və rayon partiya komitələrinin, təftiş komissiyasının üzvlərini tanış etmək üçün şəxsi imzalarla şəhər və rayon partiya komitələrinin katiblərinə verilmişdir. Bu iş başa çatdıqdan sonra bütün paylanmış nüsxələr tam halda MK-ya qaytarılmış, 7 səhifədən ibarət olan 70 möhürlənmiş tiraj (cəmi 490 səhifə) 1968-ci ilin may ayının 15-də yandırılma yolu ilə məhv edilmişdir. Bəzi hallarda isə ümumiyyətlə, bu məlumatlar yerlərə verilmir, şəhər və rayonların rəhbər işçiləri Bakıya dəvət edilərək həmin məlumatlarla tanış edilirdilər. Bütün bu məxfiliklər Çexoslavakiya hadisələri haqqında, hətta tam olmayan məlumatları geniş əhali kütləsindən gizlətmək məqsədi ilə edilirdi. Baş verən hadisələr fonunda mətbuat, radio və televiziya, ədəbiyyat və sənət tədricən nəzarətə götürülməyə başladı. Tək respublika əhalisinə deyil, respublika DTK-nın təklifi üzrə hətta Arazın o tayındakı azərbaycanlılara təsir göstərmək üçün radio verilişlərində marksizm-leninizm ideyasının yayılması, müasir kommunist və fəhlə hərəkatı, sosializm və kommunizm quruculuğu haqqında proqramların artırılması təklif edilirdi.
DTK-nın sədri Heydər Əliyev 1969-cu ilin aprelində Vəli Axundova yazırdı: “Daxil olan məlumatlara görə, Iran Azərbaycanı əhalisinin bəzi hissələri arasında Azərbaycan radiosunun verilişlərinə böyük maraq yaranmışdır. Onlar marksizm-leninizm tematikasında, müasir kommunist və fəhlə hərəkatı Zaqafqaziya respublikalarında sosializm və kommunizm quruculuğu, kolxoz qurluşunun əsaslar, SSRI-də milli məsələnin həlli haqqında verilişlərin sayının artırılmasını arzu edirlər”.
Azərbaycan torpaqlarını zəbt etmək planı
Çexoslovakiya hadisələrinin qızğın vaxtında belə, Sovet rəhbərləri erməniləri unutmurdu. Naxçıvan və Qarabağ iddialarında əlləri boşa çıxan Ermənistan rəhbərliyi Sovet rəhbərliyinin dəstəyi ilə 1968-ci ilin yayından başlayaraq, Azərbaycan torpaqlarını metrə-metrə almaq yoluna qədəm qoymuşdular. Ilk addım olaraq, 1968-ci ilin yazında Ermənistan SSR Azərbaycanın qoyunçuluq təsərrüfatlarının bu respublikanın ərazisində yerləşən yaylaqlardan istifadə etmələrinə qadağa qoydu. Gözlənilməz şəkildə qəbul edilən bu qərar Azərbaycanın heyvandarlıq təsərrüfatlarına böyük ziyan vurdu. Azərbaycan KP MK-nın ikinci katibi Pyotr Yelistratov 1968-ci ilin mayında Sov.IKP MK-ya müraciət etsə də, məsələni həll etmək mümkün olmadı. Əvəzində isə 1968-ci ilin iyun ayının 10-da və 20-də SSRI Nazirlər Soveti, iyun ayının 23-də isə Sov.IKP MK hər iki respublikaya tapşırıq verdi ki, Azərbaycan SSR və Ermənistan SSR-in ayrı-ayrı kolxozları arasında ərazi mübahisələri nizama salınsın. Əlbəttə ki, bu göstərişlər bilavasitə Ermənistan rəhbərliyinin Moskvadakı havadarlarının səyi nəticəsində meydana çıxmışdı.
(Ardı var)