Sülhəddin Əkbər: «Əks təqdirdə Azərbaycan NATO ilə Rusiyanın qarşıdurma meydanına çevriləcək»
Mayın 26-da ABŞ-ın Avropa Komandanlığının rəhbəri, general Ben Hodces Bakı səfərinin yekunları ilə bağlı brifinq keçirib. General səfərinin tanışlıq xarakteri daşıdığını bildirib. Onu Oklohoma Milli Qvardiyasının generalı Tomson müşayiət edib.
“ABŞ və Azərbaycan uzun illərdir hərbi sahədə birgə fəaliyyət göstərir. Bizim əsgərlər Əfqanıstanda çiyin-çiyinə qulluq edir. Buna görə ilk öncə Azərbaycan rəsmilərinə təşəkkürümü bildirmək istərdim”, deyə general qeyd edib.
General Tomson isə bildirib ki, ABŞ uzun illər Azərbaycan hərbi qüvvələri ilə birgə əməkdaşlıqdan çox məmnundur. “Biz bundan sonra da daha fəal və məhsuldar əməkdaşlığa ümid edirik”, o qeyd edib.
Ben Hodces “Amerikanın səsi”nin “hazırda ABŞ və Azərbaycan hərbi əməkdaşlığı hansı sahələri əhatə edir. ”Azadlığı Müdafiə Aktına” 907-ci düzəliş perspektivdə hərbi əməkdaşlığa mane olurmu?”, sualının cavabında deyib ki, həbri əməkdaşlıq sahəsində bir neçə sahəni xüsusi vurğulamaq istəyir.
Generala görə, müəyyən sahələr var ki, bu sahələrdə təkmilləşdirmə işləri aparmaq lazımdır. Amerika və Azərbaycan əsgərləri Əfqanıstanda birgə qulluq edir: “Bu yay ərzində Rumıniyada hərbi təlimlər keçirmək planımız var. Azərbaycan hərbçiləri bu təlimlərdə iştirak edəcəklər. Azərbaycanın hərbi sahəsini təmsil edən liderlərlə hərbi sahədə gələcək əməkdaşlıq perspektivləri barədə də danışdıq. Bu il Gürcüstanda ”Noble Partner” adlı təlimlər keçirilib. Gələn il keçiriləcək təlimlərə Azərbaycan hərbçilərinin də cəlb edilməsi ilə bağlı müzakirələr apardıq”.
“Amerikanın Səsi”nin “ABŞ və Azərbaycan bir vaxtlar Azərbaycanda da birgə təlimlər keçirib. Bu təlimlər bərpa olunacaqmı?”- sualının cavabında Avropa Komandanlığının rəhbəri deyib ki, müzakirələr zamanı Azərbaycanı hərbi sahədə təmsil edən şəxslərə bildirib ki, dəvət gələcəyi təqdirdə, ABŞ hərbçiləri Azərbaycana gəlib, birgə təlimlərdə iştirak edə bilər: “Mən də istəyirəm bizim hərbçilər Azərbaycana gəlib təlim keçsinlər və bu bölgəyə xas olan təcrübəni qazana bilsinlər”, general Hodces qeyd edib”.
Azərbaycanın rəsmi şəkildə NATO-nun təlimlərinə dəvət edilməsi heç şübhəsiz Rusiya tərəfindən birmənalı qarşılanmayacaq. Çünki NATO Gürcüstan müdafiə nazirinin timsalında Azərbaycanı təlimlərə dəvət etmişdi. NATO təmsilçisinin Gürcüstandakı gələnilki təlimlərə Azərbaycanı dəvət etməsi birmənalı deyil.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, generalın səsləndirdiyi fikirlər bir daha onu təsdiq edir ki, Azərbaycan geosiyasi qarşıdurmanın regionumuzda həlledici mərhələyə qədəm qoyduğunu nəzərə almalıdır: “Dünyada, postsovet məkanında geosiyasi qarşıdurma həlledici məqama qədəm qoyub. Bu qarşıdurma da postsovet məkanında iki istiqamətdə gedir. Şimal-cənub istiqamətində – Şimal Buzlu Okenından başlayaraq Qara dənizə qədər. Ikinci xətt Qara dəniz-Xəzər xətti. Mən buna hətta GUAM xətti də deyirəm. Yəni bu qarşıdurmada hər iki trəf öz geosiaysi cəbhələrini formalaşdırırlar”.
S.Əkbər onu da bildirdi ki, Azərbaycan strateji seçimini etmədiyinə, qarşıduran tərəflərin birinə üstünlük vermədiyndən hər iki tərəf Azərbaycanı öz tərəfinə çəkmək üçün səylər göstərir. “Azərbaycan hakimiyyəti də milli maraqlardan deyil, öz geosiyasi maraqlarından çıxış edir. Demək olar ki, bu seçimi etməyin vaxtı da keçmək üzrədir. Ən uzağı gələn ilə qədər bu seçim edilməlidir. Əks təqdirdə Azərbaycan qarşıdurma meydanına çevriləcək”, deyə S.Əkbər vurğuladı.
Xəyal