«Mənim gənc qız olmağımı nəzərə almağınızı xahiş edirəm»
“Azadlıq”a müraciət edən Günay Manafovanın 3-cü qrup əlillik dərəcəsi var. Eşitmə orqanında anadangəlmə fiziki qüsuru olan bu qız Imişli rayonunun Məzrəli kənd sakinidir. Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya üz tutan ölkə vətəndaşı üzləşdiyi çətin vəziyyətdən çıxış yolunu əlaqədar qurumların ona lazımi kömək göstərməsində görür:
“Mən ölkəmizin milyonlarla vətəndaşından biriyəm. Fəqət məni gənc soydaşlarımdan ciddi şəkildə fərqləndirən bir qüsurum var. Eşitmə orqanımda olan anadangəlmə problemim məni bir gənc qız olaraq çox narahat edir. Yoldaşlarımla ünsiyyətdə olan çətinliklərim, bundan utanc hissi keçirməyim artıq əsəb sistemini pozub. Illərdir yaşadığım bu çətinilkdən bəzən hətta intihar həddinə də çatıram. Amma yenə də ümidimi üzmürəm. Eşitmə qabiliyyətimi az da olsa bərpa etmək üçün bu sahədə fəaliyyət göstərən mərkəzə müraciət etmişəm. Ordan mənə eşitmə aparatı veriblər. Amma həmin aparat çox böyük olduğu üçün onu gəzdirmək mənə çətinlik yaradır. Eşitmə aparatının daha müasir və qulağa yerləşdirilə bilən növünü almağa isə maddi imkanım yoxdur. Əlillik dərəcəmə görə cəmisi 43 manat təqaüd alıram. Bu təqaüdlə bütün problemlərimi həll etmək mümkün deyil.
Eşitmə qabiliyyətimi az da olsa bərpa etmək üçün həmin eşitmə aparatına böyük ehtiyacım var. Ümid edirəm ki, ölkənin birinci xanımı olaraq ölkə vətəndaşının, ələlxüsus da bir gənc qızın bu probleminə laqeyd yanaşmayacaqsınız. Mənim həmin aparatla təmin olunmağıma yardımçı olun”.
Sosial şöbə
Redaksiyadan: Günay Manafovanın üzləşdiyi problemlə bağlı əlaqədar qurumlar onun 051 797 70 05 mobil telefonu ilə əlaqə saxlaya bilər.