Sabah Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 98-ci ildönümüdür. Bu münasibətlə AXCP sədri Əli Kərimli Facebook səhifəsində Azərbaycan xalqına təbrik ünvanlayıb:
“28 May – İstiqlal bayramınız mübarək, əziz həmvətənlər! 98 il öncə qurucu babalarımız dövlət müstəqilliyimizi dünyaya bəyan etdi və Azərbaycan bir dövlət olaraq quruldu. Böyük M.Ə.Rəsulzadə başda olmaqla cümhuriyyət qurucularını, Ə.Elçibəy başda olmaqla dövlət müstəqilliyimizin yenidən bərpasına nail olmuş Milli Azadlıq Hərəkatı fəallarını hörmətlə anırıq, onlara və bu yolda şəhid olmuş hər bir soydaşımıza Allahdan rəhmət diləyirik.
Biz milli Şura olaraq sabah saat 12-də İstiqlal bayramını Novxanıda milli liderimiz M.Ə.Rəsulzadənin abidəsi önündə qeyd edəcəyik. İmkanınız varsa, siz də gəlin. Gələ bilməyənlər də öz evində, ailəsi və dostları ilə birlikdə bu bayramı qeyd etsin. Bu qondarma bayramlardan deyil, İstiqlal bayramıdır, bizim bayramdır! Bayramınız mübarək olsun. Dünya durduqca Azərbaycan var olsun, müstəqil olsun!”