Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Hacı Nuhbala Rəhimovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
“Report”un məlumatına görə, sonuncu iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Rəhimov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, özünü Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu kimi təqdim edən N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində saxlanılaraq, Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq qəbs qətimkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. T.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.