«The Business Year» jurnalı avtoritarların dostudur
Bir neçə gündür rəsmi təbliğat yeni mövzu tapıb və canfəşanlıqla bu mövzunun başında dövr edirlər. Hökumət qəzetləri, telekanallar, saytlar Ilham Əliyevin “Ilin adamı” seçilməsini tirajlayır, bunu uğurlu siyasətin, dünyadakı nüfuzun göstəricisi kimi təqdim edirlər.
Qeyd edək ki, ilin ortasında Ilham Əliyevə belə bir mükafatın verilməsinin məntiqini tapmaqda çətinlik çəkirik. Çünki, “ilin adamı” ya ilin axırında, ya da ilin əvvəlində seçilir. Belə çıxır ki, Ilham Əliyev “ilin ortasının adamı”dır. Bundan əvvəl də ard-arda Ilham Əliyevin ölkədəki reytinqi ilə bağlı sorğular keçirdilər və sandıqdan “97 faiz etibar” çıxdı. Görünür, hökumət cəmiyyətdə və dünyada nüfuzunun itməsindən bərk narahat olub və buna görə də süni reytinq düzəltmək qərarına gəliblər. Yəni, cəmiyyətə gösrətmək istəyirlər ki, Ilham Əliyevin ölkədə və dünyada nüfuzu fantastik həddə çatıb.
Amma yazımızın məqsədi Ilham Əliyevin reytinqini hesablamaq deyil. Sadəcə olaraq Ilham Əliyevi dəfələrlə “ilin adamı” elan etmiş “The Business Year” jurnalının bioqrafiyasına nəzər yetirmək istəyirik.
Belə ki, bu jurnalın 29 ildir fəaliyyət göstərdiyi bildirilsə də jurnalın tirajı, yayımı haqqında məlumat əldə etmək mümkün olmadı. Eyni zamanda jurnalın “yan-yörəsi”nə fırlananda demokratiya qoxusu da gəlmir.
Deməli, hökumətimizin sevimli “The Business Year” jurnalı bu vaxta qədər Ekvador, Kolumbiya, Mozambik, Qazaxıstan, Tanzaniya, Nigeriya, Zambiya kimi ölkələrin hökumətləri ilə əməkdaşlıq edib, bu ölkələrdəki biznes strukturlarına mükafatlar verib. Hətta “The Business Year” jurnalı Panamada da “gəzişib”. Xatırladaq ki, bugünlərdə Panamadakı ofşor şirkətlərlə bağlı ciddi faktlar ortaya çıxdı və bu sənədlərdə Azərbaycanın hakim ailəsinin adı da hallanırdı.
Demək istəyirik ki, bu jurnal avtortiar rejimlərlə ciddi əməkdaşlıq edir. Yuxarıda adını sadaladığımız ölkələrə diqqət edəndə də bu fakt özünü göstərir.
Bir az da araşdırma aparanda məlum olur ki, hökumətimizin bu jurnalla əməkdaşlığı da dərinlərə işləyib. Belə ki, jurnalda Vergilər naziri Fazil Məmmədovun, Xarici işlər naziri Elmar Məmmədyarovun, Paşa Bankın Idarə Heytənin sədrinin müsahibələri dərc olunub. Ümumiyyətlə, jurnalın bugünə qədər Azərbaycanla bağlı dərc etdiyi yazılarda “Səs”in, “Yeni Azərbaycan”ın, “Azərbaycan”ın nəfəsi hiss olunur. Yəni, ölkədəki inkişafdan, hökumətin uğurlu siyasətindən bəhs edilir.
Aydın görünür ki, jurnal avtoritar hökumətlərin sifarişindən yaxşı pul qazanır və bu hökumətləri reklam edir. Avropanın, ABŞ-ın ən nüfuzlu qəzetləri, jurnalları Azərbaycandakı siyasi məhbuslardan, korrupsiyadan, seçki saxtakarlığından yazdığı halda, “The Business Year” hökumətimizi öyməklə, prezidentimizi “ilin adamı” seçməklə məşğuldu. Bu dəfə “barıt” o qədər çox olub ki, ilin axırını da gözləyə bilməyiblər. Hətta jurnala Bakıda təqdimat mərasimi də keçiriblər.
Bir sözlə, dünyada etimad limiti bitmiş hökumət, dünyanın ciddi qəbul etmədiyi “The Business Year”ın işığına toplaşıb. Özləri yazdırır, özləri seçdirir, özləri də təsəlli tapırlar. 2015-ci ildə Azərbaycanda adamların ili qara gəldi, bunlar isə 2016-cı ildə “ilin adamı” dərdinə düşüblər.
Samir