Vəli Axundovun problemi erməni həmkarı ilə müzakirə etmək istəməməsinin səbəbi nə idi?
Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:
başlanğıcı ötən saylarımızda
Dağlıq Qarabağda vəziyyyət sakitləşdikdən sonra Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyan Vəli Axundovla görüşüb vilayətdə və ümumiyyətlə, iki respublika arasında yaranmış bəzi məsələləri müzakirə etmək istəyirdi. Lakin Vəli Axundov 1967-ci ilin sentyabr ayında Rumıniyaya səfər edəcəyini əsas gətirib onunla görüşdən imtina etdi. Həmin ilin payızında Axundov Qara dəniz sahillərində yerləşən kurort şəhəri Konstansda istirahət etdi. Müalicəvi minerel suları, günəşli çimərlikləri ilə tanınan Konstansa Dobruja regionunda Rumıniyanın ən böyük liman şəhəri sayılırdı. Şəhərin əhalisi əsasən türklərdən və Krım tatarlarından ibarət idi.
Stepanakert hadisələri necə çözüldü?
Istirahətdən döndükdən sonra 1967-ci ilin payızında Vəli Axundov ilk növbədə Dağlıq Qarabağ və xüsusilə, Stepanakert hadisələri ilə bağlı Azərbaycan KP MK Bürosunun qəbul etdiyi qərarların həyata keçirilmə vəziyyəti ilə maraqlandı. Vilayətdə yaranmış vəziyyətlə bağlı Azərbaycan DTK-nın sədri Heydər Əliyev onun adına məxfi məlumat hazırlamışdı. Orada göstərilir ki, vilayət ərazisində qarmaqarışıqlıq yaratmaq məqsədi ilə millətçi ermənilər Yerevan ətrafında gizli silah saxlayırlar və bu silahdan DQMV-nin partiya və sovet orqanlarına rəhbərlik edən şəxslərin terror edilməsi məqəsdilə istifadəsi nəzərdə tutulmuşdur. Yerevan emissarlarının dindirilməsi zamanı müəyyən edilmişdi ki, bu “intiqam” hissi vilayət rəhbərliyinin Stepanakert hadisələri ilə bağlı çox adamın tutulmasına laqeyd münasibəti ilə bağlı olmuşdur. Həmin məlumatın bir sıra məqamları DTK sədrinin “tam məxfi” qrifi ilə Moskvadan ötrü hazırladığı 1967-ci il üçün illik hesabata daxil edilmişdi. Hesabatın bir surəti respublika rəhbəri kimi Vəli Axundova da göndərilmişdi.
Azərbaycan KP MK Bürosunun 11 iyul 1967-ci il qərarından az sonra, iyul ayının 22-də vilayət partiya komitəsinin bürosu qeyd edilən qərarı müzakirə edib zəhmətkeşlərin ideya-siyasi tərbiyəsi işində partiya təşkilatlarının işinin yaxşılaşdırılması, kadrların düzgün seçilib yerləşdirilməsi, kommunistlərin məsuliyyət hissinin yüksəldilməsi, vilayətin hüquq mühafizə orqanları üzərində nəzarət işinin gücləndirilməsi istiqamətində geniş tədbirlər planı hazırladı. 1967-ci ilin sentyabr ayında keçirilən vilayət partiya komitəsinin bürosunda “Sovetakan Karabax” qəzetində dərc edilən məqalələrin, “Bilik” cəmiyyəti xətti ilə oxunan mühazirələrin ideya-siyasi səviyyəsini yüksəltmək üçün müzakirələr aparıldı. Həmin ilin iyul ayından başlayaraq “Sovetakan Karabax” qəzeti Azərbaycanın Belarusiya, Qazaxıstan, Latviya, Litva, Estoniya, Gürcüstan və Ermənistanla dostluq münasibətləri haqqında xüsusi buraxılışlar nəşr edildi. Vilayət qəzeti Naxçıvan MSSR, Cənubu Osetiya muxtar vilayəti, Kirovabad, Mingəçevir, Ağdam və digər yerli qəzetlərlə səhifə mübadiləsi həyata keçirməyə başladı. Iyul ayının sonlarında kənd və qəsəbə sovetləri nümyəndələrinin 3 günlük müşavirəsi, sentyabrda vilayət zəhmətkeş deputatları sovetinin sessiyası keçirildi. Bu tədbirlərdə əsas müzakirələr 3 iyulda baş vermiş hadisələrin pislənməsi, günahkarların tənqid edilməsi, vilayətin normal həyata keçməsinin vacibliyi vurğulanırdı. Ictimai asayişin qorunmasını təmin edə bilmədiyinə, milis əməkdaşları arasında intizamın aşağı səviyyədə olduğuna, məhkəmə zalında ictimai qaydaları təmin edə bilmədiyinə görə vilayət ictimai asayişin qorunması idarəsinin rəisi A.Poqosyana iyul ayının 22-də şəxsi uçot vərəqinə yazılmaqla partiya töhməti verildi. Həmin qərarla vilayət prokuroru A.Petrosyana, vilayət məhkəməsinin sədri M.Osipova, DTK-nın vilayət müvəkkili Q.Markarova töhmət elan edildi. Hadisələr zamanı qorxaqlıq göstərdiklərinə, laqeyd münasibətlərinə görə yerli milis idarəsinin 7 əməkdaşı işdən azad edildi, 20 nəfər milis işçisinə isə inzibati və partiya cəzası verildi. Stepanakert şəhər partiya komitəsinin işini gücləndirmək üçün iğtişaşlara görə vəzifəsindən azad edilmiş Q.Qalstyanın yerinə vilayətdə maarif şöbəsinə rəhbərlik etmiş A.Oqancanyan, təbliğat işləri üzrə katib vəzifəsinə S.Israilyan təyin edildi. Ictimai asayişin qorunması idarəsi, prokurorluq və məhkəmə orqanlarını gücləndirmək məqsədilə podpolkovnik Q.Podolski və milis mayoru Ş.Abbasov milis şöbəsi rəisinin müavinləri, Şuşa rayon milis şöbəsinin rəisi mayor Qasımov vilayət milis şöbəsinin istintaq idarəsinin rəisi təyin edildi.
Hesabat və… gerçəklik
Vilayətin müxtəlif partiya, sovet və inzibati orqanlarında baş verən dəyişikliklər Azərbaycan KP MK Bürosunun 11 iyul tarixi qərarına uyğun edilirdi. Vilayət partiya komitəsinin birinci katibi Qurgen Melkumyan vilayətdə həyata keçirilən dəyişikliklər haqqında 1967-ci ilin oktyabr ayının 2-də respublika partiya təşkilatının birinci katibi Vəli Axundova geniş hesabat göndərdi. Vilayət orqanlarının həyata keçirəcəyi işlərin planı hesabata əlavə edilmişdi. Bu sənədlər əsasında Azərbaycan KP MK təşkilat-partiya işi şöbəsinin müdiri Tofiq Bağırov oktyabr ayının 14-də “Stepanakert şəhərində baş vermiş böyük iğtişaşlar haqqında” Azərbaycan KP MK-nın 1967-ci il 11 iyul qərarının Dağlıq Qarabağ vilayət partiya komitəsi tərəfindən həyata keçirilməsi barədə Vəli Axundova arayış hazırladı. T.Bağırov vilayət orqanlarının bir sıra tədbirlər həyata keçirməsinə baxmayaraq Azərbaycan KP MK qərarının yerinə yetirilməsinin lazımi səviyyədə olmadığını Axundova bildirdi. O qeyd etdi ki, indiyə qədər vilayət partiya komitəsinin bürosundan Stepanakert hadisələrinin əsas təhrikçisi olan Azərbaycan Yazıçılar Ittifaqının vilayət şöbəsinin fəaliyyəti müzakirə edilib lazımi qiymət verilməyib.
Gərginlik şimala keçir…
Dağlıq Qarabağla yanaşı 60-cı illərin ortalarında Dağıstan istiqamətindən də Azərbaycanın şimal rayonları üçün müəyyən narahatçılıq meylləri qeydə alınmağa başlamışdı. Qusar rayonunda fəaliyyət göstərən “Kotal” (Birlik) adlı ədəbi birlik tədricən Dağıstandan gələn millətçi dairələrin təsirinə meyllənməyə başlamışdı. Əvvəllər bu birlikdə şeirlər oxunub, ədəbi müzakirələr aparılsa da, 60-cı illərin ortalarında bir müddət öncə “Dağlı qızı” jurnalının redaktoru işləmiş şair Bayram Səlimov və yazıçı Isgəndər Qaziyev gizli şəkildə Qusar rayonuna gələrək müstəqil ləzgi respublikasının yaradılması ideyasını “Kotal” üzvləri arasında yaymağa başlamışdılar. Bir neçə nəfərin B.Səlimovun təsirinə düşməsinə baxmayaraq bu fikirlər yayılan kimi Qusar təhsil və mədəni-maarif müəssisələrində çalışan yerl adamlar Azərbaycan KP MK-nı rayon ərazisinə kənardan gətirilən bu millətçilik meylləri haqqında xəbərdar etdilər. Vəli Axundovun tapşırığı ilə rayona Azərbaycan KP MK-nın komissiyası göndərildi və rayon partiya komitəsinin birinci katibi M.Murtuzayevin iştirakı ilə məsələlər araşdırılan zaman Bakıya göndərilən məlumatların xeyli hissəsi təsdiq edildi. Araşdırmalar nəticəsində məlum oldu ki, rayon xalq yaradıcılığı evinin direktoru, rayon radioverilişləri redaksiyasının redaktoru, Samur qəsəbəsindən bəzi müəllimlər Bayram Səlimovun təbliğatının təsiri altına düşmüşlər.
Ədəbiyyat adamlarının separatçılığı…
Araşdırmalar zamanı Bakıda və Sumqayıtda yaşayan bir sıra gənc şair və elmi işçilərin “Kotal” birliyinə həvəs göstərdikləri müəyyənləşmişdi. Məsələ araşdırılan zaman bəlli oldu ki, Dağıstan nəşriyyatlarında çap olunmuş zərərli ədəbiyyat gizli şəkildə Azərbaycana gətirilib “Kotal” birliyi üzvləri arasında yayılır. Belə nəşrlərdən biri 1965-ci ildə Dağıstanda nəşr edilmiş və milli məsələ ilə bağlı bəzi səhvlərə yol verilmiş “Xalqlar nəzəriyyəsi haqqında məsələyə dair” kitabı idi. Belə təxribatların qarşısını almaq üçün Vəli Axundov ikinci kaib Pyotr Yelistratova tapşırıq verdi ki, Dağıstan Muxtar Sovet Respublikasının bəzi vətəndaşlarının gizli yollarla Azərbaycan ərazisində millətçilik təbliğatı aparmaları barədə Sov.IKP MK rəhbərliyini məlumatlandırsın. Yelistratov Qusar rayon partiya komitəsinin birinci katibi M.Murtuzayevlə ətraflı müzakirələr apardıqdan sonra müşahidə edilən xoşagəlməz meyllər barədə Moskvaya geniş məlumat göndərdi.
ardı var