Maşını əlindən alınan şəxs ölümlə hədələnir
Bakının Abşeron rayonu, Xırdalan şəhəri M.Əsədov küçəsi, ev 42 sakini Hilal Abdulov “Azadlıq”a müraciət edib. Şikayətçi üzləşdiyi problemdən bəhs edib: “Mənim kreditdə olan avtomobilim var. Maşında yaranan nasazlığa görə onu ustaya vermişdim. Lakin 160 manat ödəməyə imkanım olmadı. Həyat yoldaşımın rəfiqəsinin kürəkəni maşını məndən almaq istədi. Onunla belə razılaşdıq ki, maşını düzəltdirib cəriməsini ödəyəndən, mənə çatası 400 manatı verəndən sonra etibarnamə yoluyla (Beynəlxalq Banka pul ödəmək şərtilə), məsələni həll edək. Maşını alan şəxsin adı Famiq Isayevdir. Onun atası Faiq Isayev keçmiş yol polisində işləyib və hazırda Sabirabad rayonunda sürücülük məktəbində müəllim işləyir.
Maşını bu şəxsin bacısının həyətinə qoyduq. Üç gün sonra o mənə 400 manatı hissə-hissə ödəməyə başladı. Notariusa getmək istəyəndə isə, o mənə dedi ki, sürücülük vəsiqəsi yoxdur, şəxsiyyət vəsiqəsinin isə vaxtı keçib. O, maşını yoldaşının adına verməyi təklif etdi. Onu başa saldım ki, bank razılıq verməsə, bu iş mümkün deyil. Həmçinin, sürücülük vəsiqəsi olmayan adam maşını idarə edə bilməz. Həmin şəxs mənə nalayiq söyüşlər yağdıraraq dərhal pulunu qaytarmağı, əks təqdirdə, maşını və evimi yandıracağını dedi. Yanındakı bir yoldaşı da həmin söyüşlərə qoşularaq məni ölümlə hədələdilər. Qonşulardan abır-həya edib maşının açarlarını ona verdim. Bu hadisə aprelin 23-də baş verib. Sabahısı gün o, bacısı və bir qohumuyla bizə gəldi. Danışdıq ki, maşın əvvəlki kimi bacısının həyətində qalsın və pulunu qaytarandan sonra onu götürərəm. Amma o, razılaşmadı və maşınımı yandıracağını, ya da söküb satacağını dedi. O, atasının keçmişdə polisdə işlədyini və daxili işlər naziriylə dost olduğunu söylədi.
Bundan sonra əlacsız qalaraq Sabirabada gedib atası Faiq Isayevlə görüşdüm. O mənə dedi ki, maşını sənədsiz sürsə də, oğlunu heç kim saxlaya bilməz. Ona dedim ki, xoşagəlməz hadisə baş versə, məsuliyyət mənim üzərimdə qalacaq. O isə dedi ki, heç nə olmaz, nəsə olsa, zəng edib həll etdirəcək. Peşiman şəkildə evə qayıtdım və səhərisi gün 102 xidmətinə məlumat verdim. Sahə rəisi Fuad adlı şəxs məni çağırıb izahatımı aldı və uzağı iki günə məsələni həll edəcəyini söylədi. Rəis Zülfüqar müəllimə də bu barədə məlumat verdim. O isə Fuadı çağırtdırıb göstəriş verdi ki, dövlət yol polisi ilə maşını dayanacağa gətirsin.
Bu hadisə mayın 25-də olub. Fuad məsələni onlara çatdıran kimi, Famiq də maşını dostlarıyla səkiyə çırparaq ona ciddi ziyan vurub. Usta maşının 400 manat xərci olduğunu deyir.
Cənab nazir Ramil Usubovdan xahiş edirəm, bu hadisəylə bağlı tədbir görsün. Onlar zəng edərək məni və ailəmi təhdid edir, evimizi yandıracaqlarıyla, bizi məhv edəcəkləriylə hədələyirlər. Xahiş edirəm, bu məsələylə bağlı lazım olan tədbirləri görəsiniz”.
Sosial şöbə