Naftalan şəhər sakinləri Seyidov Mirdavud Mirsədrəddin oğlu və onun həyat yoldaşı Seyidova Simuzər Ibrahim qızı redaksiyamıza üz tutaraq ovladları Seyidi Paşanın intihar səbəbinin düzgün araşdırılmamasından şikayətləniblər. Onlar müraciətlərinin qəzetimiz vasitəsi ilə aidiyyatı qurumlara çatdırılmasını istəyiblər.
Seyidov Mirdavud bildirir: “Oğlum Seyidi Paşa Davud oğlu 2014-cü ilin dekabrın 10-da Naftalan şəhər sakini Məmmədov Niyaməddin Qəhrəman oğlunun onu özünü öldürmə həddinə çatdırması nəticəsində Naftalan şəhər Nizami küçəsi 15-də yerləşən Köhnə bazar deyilən istifadəsiz tikilidə özünü asaraq öldürmüşdür. Fakta görə Goranboy rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 140476028 nömrəli cinayət işi başlanmış və istintaq aparılmışdır. Goranboy rayon prokurorluğunda cinayət işinin istintaqı tam, hərtərəfli və obyektiv aparılmadığından Goranboy rayon prokrorluğunun köməkçisi Füzuli Əliyev tərəfindən əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Mərhum oğlum Seyidi Paşa öldükdən bir neçə saat sonra mən hadisə yerinə çatmışdım. Onun cibindən bir ədəd məktub, 2 ədəd telefon və 50 manat pul tapılmışdı. Oğlumun üzərində aşkar olunmuş məktubda öz xətti ilə yazılmışdır ki, onun ölümünə səbəbkar Məmmədov Niyaməddin (Cakı ləqəbli), Əliyev Raquf (Ifti ləqəbli), Ramil Zakir oğlu olmuşlar. Lakin istintaq tərəfindən həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmadılar.
Bununla bağlı dəfələrlə dövlət başçısına, Baş prokurorluğa Obmudsmana və bir çox rəhbər şəxslərə müraciət etmişik. Lakin heç bir nəticəsi yoxdur. Mənim haqq səsimi aidiyyatı dövlət orqanlarına qəzetiniz vasitəsilə çatdırmağınızı və oğlumun ölümündə təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılmasını xahiş edirəm”.
Məktublar şöbəsi