Mayın 27-də araşdırmaçı jurnalist, yenicə həbsdən çıxmış Xədicə İsmayılın 40 yaşı tamam olur. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilir.
Əziz Xədicə xanım, sizi yubileyiniz və cinayətkar rejim üzərində parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıram. Çox şadam ki, sizi azadlıqda təbrik edə bilirik. Sizin peşəkar jurnalist, cəsarətli araşdırmaçı, insan hüquqları müdafiəçisi, vətəndaş cəmiyyəti fəalı olaraq etdikləriniz xalqımız qarşısında böyük xidmətlərdir. Öz cəsarətli araşdırmalarınızla rejimin korrupsioner mahiyyətini milyonlara çatdırmağınız xalq qarşısında tarixi xidmətdir.
Əziz Xədicə xanım, sizin ağır sınaqlar zamanı qürurlu və mərd davranışınız, cəsarət və prinspiallığınız, dik duruşunuz xalqımızın avtoritarizmlə mübarizəsində yeni bir səhifə açdı, parlaq nümunə yaratdı. Sizi bir daha yubileyiniz münasibətilə təbrik edirəm, sizə mübarizənizdə uğurlar arzulayıram!