Mayın 26-da D18 Hərəkatının mərkəzi ofisində “İlin Cümhuriyyətçisi” mükafatının təqdimat mərasimi keçirilib. Mükafat bu il siyasi məhbus, AXCP sədrinin müavini, jurnalist Seymur Həziyə verilib.
Tədbirdə Seymur Həzinin ailə üzvləri, AXP sədri Əli Kərimli və partiya rəhbərliyində təmsil olunan şəxslər, başqa ictimai-siyasi xadimlər, o cümlədən keçmiş siyasi məhbuslar, gənclər və jurnalistlər iştirak edib.
“D18″ Hərəkatının rəhbəri Ruslan Izzətli ”Ilin Cümhuriyyətçisi” mükafatının hansı kriyeteralara görə verilməsindən danışıb. Qeyd edib ki, ötən iki ildə bu mükafata REAL hərəkatının həbsdə olan sədri Ilqar Məmmədov və tanınmış insan haqları vəkili, bu yaxınlarda həbsdən buraxılan Intiqam Əliyev layiq görülüb.
Ruslan Izzətli qeyd edib ki, hakimiyyət fərqli düşünən insanları həbs etməklə qorxutmaq istədi. Amma bütün hesablamalarında olduğu kimi, bu hesablamasında da yanıldı. Insanlar qorxmadı, əksinə daha mübariz oldular.
Daha sonra mükafat Seymur Həzinin atası Məşgül Həziyevə təqdim edilib.
Məşgül Həziyev çıxışında oğlu ilə qürur duyduğunu bildirib: “Seymur bəyə dəstək olduğunuz üçün təşəkkür edirəm. O, bu gün türmədə sizlərlə qürur duyur. Belə dəstək verdiyiniz üçün sevinir. Təşəkkür edirəm, hamınıza”.
Daha sonra AXCP sədri Əli Kərimli, Müsavat başqanının müavini Elman Fəttah, keçmiş siyasi məhbuslar Hilal Məmmədov, Əvəz Zeynallı, Bəşir Süleymanlı, Xədicə Ismayılın anası Elmira Ismayılova və digərləri çıxış edərək, Seymur Həzi barədə fikirlərini bölüşüblər.
Aytən