Araşdırmaçı jurnalist Xədicə İsmayılın azadlığa çıxmasına münasibət bildirən ABŞ-ın nüfuzlu senatoru Con Makkeyn həm Xədicəni, həm də eyni gündə rus hərbçilərlə dəyişdirilən Nadiya Savçenkonu qəhrəman adlandırıb. “Nadiya və Xədicə həm öz ölkələri, həm də bütün dünya üçün qəhrəmandırlar,” deyə Senator Amerikanın Səsinə açıqlamasında bildirib.
Con Makkeyn Xədicə İsmayıl və Nadejda Savçenkonun azadlığa çıxması xəbərini böyük sevinc hissi ilə qarşıladığını dilə gətirib. “Onlar inandıqları uğrunda mübarizə aparırdılar, ədalətsiz həbsə məhkum olunmuşdular və indi onlar azaddır. Mən onların özləri və ailələrini təbrik edirəm.”
Arizona ştatını təmsil edən Respublikaçı senatorun fikrincə hər iki qadının azadlığa çıxmasında beynəlxalq təzyiqlər rol oynayıb. O deyib ki, konkret haradan daxil olan təzyiqlərə görə onların azad olunduğunu bilməsə də, əmindir ki, “bu cəsur qadınların azadlığa qovuşmasında” beynəlxalq ictimaiyyətin rolu böyük olub.
“Bu hökumətlərin heç biri yaxşı adamlarla təmsil olunmadığı üçün onların xoş məramlarla azadlığa çıxmasını düşünmək fantaziya olardı” – deyə senator bildirib.