Qondarma ittihamlarla həbs olunanlar məqsədli şəkildə amnistiyaya salınmır
Günlərdi rəsmi təbliğat Mehriban Əliyevanın amnistiya təşəbbüsünü misilsiz humanizm kimi təqdim edir, hökumət təmsilçiləri bu amnistiyanın dövlətin imicinə müsbət təsir edəcəyini bildirir, insan haqlarına hörmət kimi dəyərləndirirlər.
Amma amnistiya aktı Milli Məclisdə qəbul olunduqdan sonra məlum oldu ki, həmişəki “qısır humanizm”dən söhbət gedir. Yəni, 3500 adamın azadlığını nəzərdə tutan amnistiyaya heç bir siyasi məhbus düşməyəcək. Maddələr elə seçilib ki, dünyanın “vicdan məhbusu” kimi tanıdığı, günahsızlığı sübut olunmuş adamlara şamil olunmur. Bəli, hökumət özünü humanist kimi göstərməyə çalışsa da, bu amnistiya düşmənçiliyi, hikkəni, siyasi iradəsizliyi açıq şəkildə göstərir. Əgər hökumət həqiqətən də dövlətin imici üçün addımlar atmaq, insan haqları sahəsində irəliliəyişlər etmək fikrində olsaydı, bu amnistiyaya siyasi sifarişlə həbs edilmiş adamlar da düşərdi. Yuxarıda da qeyd etdiyimiz kimi “qızıl amnistiya”ya qondarma ittihamlarla həbs olunmuş inanclı kəsimin nümayəndələri, siyasi məhbuslar qəsdən salınmayıb.
Təbii ki, belə bir amnistiya haqlı tənqdilərə səbəb oldu, sosial şəbəklərədə hökumətə qarşı etiraz dalğası yaratdı. Ona görə də son günlər deputatlar, hüquq müdafiəçiləri yenidən dilə gəliblər və amnistiyaya qarşı tənqidlərin qərəzdən doğduğunu sübut etməyə çalışırlar.
Əlbəttə, bir nəfərin azadlığa çıxamsı da, bir ailənin sevinməsi də, insanlara şans verilməsi də müsbət haldır. Amma bilərəkdən günahsız insanları həbsdə saxlamaq, vicdanlı insanların amnistiyaya düşməməsi üçün planlı iş görmək humanizmin imitasiyasıdır. Sadəcə olaraq həbsxanalarda 24000 məhbus var, dövlətin xərci çoxalıb və buna görə də problemi “humanizm” adı altında həll edirlər.
Həqiqi humanizm ildə bir dəfə əfv imzalamaq, amnisitiya təşəbbüsü ilə çıxış etmək deyil. Həqiqi humanizm hər gün ədalətli olmaqdır, ədalətlə idarə etməkdir, məhkəmələrə müstəqillik verməkdir, qanunları kağız parçasına çevirməməkdir. 3500 məhbusun azadlığa buraxılacaq, amma sifarişli məhkəmə hökmləri ləğv edilməyəcək, amma siyasi baxışlara görə təqiblər davam edəcək. Deməli, məqsəd ölkədə şəffaf mühit yaratmaq, insan haqlarını təmin etmək, hüququ ali dəyərə çevirmək deyil.
Ona görə də amnistiyanın qüsurlu olduğunu tənqid edənlərə hücuma keçənlər, ilk növbədə ölkədəki eybəcər idarəetməyə, neqativ tendensiyalara etiraz etməlidirlər.
Bir daha qeyd edirik ki, humanizm amnistiyadan-amnistiyaya, əfvdən-əfvə yada düşməməlidir. Humanizm mövsümi xarakter daşıya bilməz. Bu ölkədə hələ ki, humanizmin “h”sı gözə dəymir, ədalətsizlik göz deşir.
Samir