Stepanakert iğtişaşlarının və azərbaycanlıların qətlinin arxasında kimlər dayanırdı?
Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:
başlanğıcı ötən saylarımızda
Ehtirasları qızışdıran vərəqələr
Araşdırmalar zamanı müəyyən edilmişdi ki, hələ Stepanakert iğtişaşlarından bir həftə əvvəl ermənilər şəhərdə ehtirasları qızışdıran vərəqələr yaymışdılar. Azərbaycan Nazirlər Soveti yanında DTK-nın sədri Heydər Əliyev respublikanın birinci katibi Vəli Axundova yazırdı: “Iyun ayının 23-dən 24-nə keçən gecə erməni dilində çap olunmuş 300-dən artıq vərəqə Stepanakert şəhərinin küçələrinə səpilmişdir. Həmin vərəqələr 8×9 sm-lik foto-kağızlarda çap olunmuşdur. Vərəqələrdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri irəli sürülmüş və milli ehtirasları qızışdıran yalançı, uydurma fikirlər irəli sürülmüşdür. Bu vərəqələrin müəllifləri və kim tərəfindən yazılıb yayılmasını müəyyənləşdirmək üçün Stepanakert şəhərinə operativ qrup göndərilir”.
Qabaqcadan hazırlanmış ssenari
Iyul ayının 3-də 1962-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü seçilmiş Sabir Rəzzaqovun sədrliyi ilə baxılan 114 nömrəli cinayət işindən məlum olur ki, hadisədə günahkar bilinən 1920-ci ildə Qaradağlı kəndində anadan olmuş Ərşad Məmmədov Kuropatkin kəndinin 8 illik məktəbənin diroktoru, 7 nəfər ailə üzvü olan ali təhsilli bir müəllimdir. Əlamşad Xanlar oğlu Məmmədov isə 1931-ci ildə Ağcabədi rayonun Avşar kəndində doğulmuş, sonralar Kuropatkin kəndinə köçmüş, 7 nəfər ailə üzvü olan, kolxozun əkin sahələrində gözətçi işləmiş sadə bir kolxozçu idi. Hadisədə adı keçən Zöhrab Süleyman oğlu Məmmədov isə 1932-ci ildə Kuropatkin kəndində doğulmuş, 3 nəfər ailə üzvü ilə orada yaşayan, Martuni rayon tədarük məntəqəsində fəhlə işləyən bir azərbaycanlı idi. Işdə əsas dəlil kimi 3 erməninin (A.Arutunyan, S.Tovmasyan və M.Movsesyan) ifadəsi götürüldü və onların ifadəsində qeyd edilirdi ki, Nelson Movsesyanın meydi olan yeri axtarmağa başlayanda Ərşad Məmmədov (o, özü də uşağın axtarışında iştirak edib) deyib ki, buranı gündüz axtarmışıq, ayrı yerlərə baxmaq lazımdır. Istintaq zamanı Nelson Movsesyanın nə bədənində, nə də paltarlarında Ərşad və Ələmşadın əl üzləri müəyyən edilməmişdi. Vəkillərin vəsatətinə baxmayaraq erməni müstəntiqlərinin apardığı istintaq bu faktı ekspertizadan keçirmədi. Istintaq və məhkəmə zamanı onlar hər ikisi uşağın ölümündən xəbərsiz olduqlarını dəfələrlə bildirmişdilər. Şahid ifadələrindən aydın olur ki, iyulun 3-də iğtişaşlara rəhbərlik edən ermənilərin böyük əksəriyyəti Yerevandan gəlmişdilər və Ermak Arakelyanın ifadəsinə görə, məhkəmədə olan konvoyları, məhz Livandan gəlmiş ermənilər təcrid etmişdilər. Bütün bunlar iğtişaşlara qabaqcadan hazırlıq görüldüyünü təsdiqləyir. Cinayət işində Xananovun ifadəsində göstərilir ki, “müttəhimləri özümüz öldürəcəyik, sonra da onları gəldikləri maşında yandıracağıq. Bu sözləri mənə Oqanov Con dedi. O, Livan ermənisi idi. Hökm hələ oxunmamışdı, ancaq ssenari qabaqcadan ona məlum idi”. Şahid ifadələrinə görə, həmin gün məhkəmə hökmünü öyrənmək üçün məhkəmənin keçirildiyi kino-teatrın qarşısındakı parka təxminən 10 min erməni toplanmışdı. Məhkəmənin gedişində Benik Movsesyanın Qaradağlı kəndində erməni qızına sataşması səbəbindən onun oğlunun qisasçılıq zəmində ermənilər tərəfindən öldürülməsi haqqında yayılan şayiələr təsdiqini tapmadı. Iğtişaşlar qabaqcadan planlaşdırıldığı üçün Ərşad və Ələmşada verilən ən ağır cəza (güllələnmə) onları öz fikrindən döndərmədi.
Üç azərbaycanlının linç edilməsinə görə töhmət…
1967-ci ilin iyul ayının 3-də Stepanakertdə baş vermiş hadisələrlə, xüsusilə üç nəfər azərbaycanlının linç edilməsi, məhkəmənin daş-qalaq edilməsi ilə bağlı Azərbaycan KP MK Bürosunun 11 iyul qərarında göstərilir ki, bu hadisələr üçün şəxsi məsuliyyət vilayət milis idarəsinin başçıları Poqosyan və Abramyan, vilayətin prokuroru Petrosyan, vilayət partiya komitəsinin katibləri Melkumyan və Artyunyan, Stepanakert şəhər partiya komitəsinin katibləri Qalstyan və Movsesyan, icraiyyə komitəsinin sədri Oqancanyan və onun müavini Baqdasaryan daşıyırlar. Büronun qərarı ilə Qurgen Melkumyan və Muşeq Oqancanyana töhmət elan edildi. Vəli Axundov məsələyə səhlənkar münasibətlərinə görə Azərbaycan hüquq mühafizə orqanlarının rəhbərlərinə də partiya cəzası verilməsini büroda səsləndirdi. Büronun qərarı ilə Azərbaycan SSR ictimai asayişin qorunması naziri Məmməd Əlizadəyə, respublika prokuroru Qambay Məmmədova, Ali Məhkəmənin sədri Abdulla Ibrahimova partiya töməti verildi. Respublika rəhbərliyinin qərarı ilə təcili olaraq Stepanakert şəhər partiya komitəsinin birinci katibi Qalstyan və vilayət milis idarəsinin rəis müavini Abramyan tutduqları vəzifələrdən azad edildilər. Büronun qərarı ilə respublika hüquq mühafizə orqanlarına tapşırıldı ki, 1967-ci ilin iyul ayının 3-də Stepanakert şəhərində insan ölümü və iğtişaşlar törədilməsində günahkar olan şəxslər cinayət məsuliyyətinə cəlb edilsin və onların əməlləri dəqiq araşdırılsın. Büroda xüsusi şəkildə qeyd edildi ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Dağlıq Qarabağ vilayət partiya komitəsinin bürosu əhali arasında ideya-siyasi və tərbiyəvi işlərin aparılmasının zəruriliyi haqqında tövsiyələrdən lazımi nəticə çıxarmayıb. Vəli Axundovun təklifi ilə Büro “Sovetakan Karabax” qəzetində dərc olunmuş materialların ideya-siyasi səviyyəsini müyyən etməyi, qəzetin redaksiyasını və vilayət radio-televiziya idarəsinin kollektivini gücləndirməyi, vilayətin partiya və sovet orqanlarında kadrların seçilməsi və yerləşdirilməsi məsələsinə baxılmasını zəruri hesab etdi.
Heydər Əliyev Dağlıq Qarabağa niyə ezam edildi?
Stepanakertdə baş vermiş iğtişaşlar kütləvi xarakter aldığı üçün vilayətə prokurorluq orqanlarının və DTK-nın əlavə istintaq qrupu göndərildi. Vilayətdə vəziyyət son dərəcə gərgin olduğu üçün Vəli Axundovun tapşırığı ilə Azərbaycan DTK-nın yeni sədri Heydər Əliyev Dağlıq Qarabağa ezam edildi. Bu ezamiyyət müddəti 2 həftəyə yaxın davam etdi. DTK xətti ilə yaradılan xüsusi istintaq qrupuna DTK-nın istintaq şöbəsinin müstəntiqi mayor Ə.B.Arutyunov, Baş müstəntiq kapitan A.A.Talanov, baş leytenant, müstəntiq R.A.Baxşəliyev daxil edildilər. DTK-nın vilayət idarəsinin rəisi işdən azad edildi və onun yerinə Komitənin mərkəzi aparatında işləyən milliyyətcə rus olan Bıstrov təyin edildi.
Planlı qətl
Ilk addım kimi dövlət orqanlarının gözü qarşısında üç nəfərin vəhşicəsində qətlə yetrilməsində və öldürülmüş adamların meyidlərinin təhqir edilməsində, şəhərdə kütləvi iğtişaşlar törədilməsində şübhəli bilinən 20 nəfər həbs edildi. Stepanakert iğtişaşlarının istintaqı bir ilə qədər davam etdi. Çoxlu şahid ifadələri və maddi sübutlar əsasında hadisələrin tam mənzərəsi yaradıldı. Şahid Məmməd Məmmədovun ifadəsində göstərilirdi ki, mən Zərifə Məmmədovanın (Ərşadın həyat yoldaşı) xahişi ilə onunla Stepanakertə getdim. Zərifə zala keçə bildi. Mən isə bayırda qaldım. Bu vaxt parkda 12 minə qədər erməni toplanmışdı. Içəridən güllə səsləri gəlməyə başladı. Nə baş verdiyini görə bilmədim. Sonra isə bircə onu gördüm ki, Ələmşadla Ərşadın qana boyanmış meyidlərini maşına apardılar. Zöhrab o vaxt maşında idi. Maşını çevirib yandırdılar. Malimonov istintaqa verdiyi ifadədə yazırdı ki, Ambarsum rus dilində atəş hədəfə, yəni müttəhimləri qoruyanlara atın deyə qışqırıb əmirlər verirdi. Bütün prosesi, hadisələri fotoqraf çəkirdi. Özü də bir yox, bir neçəsi çəkirdi. Sergey Petrosov qeyd edirdi ki, parka 10 mindən çox erməni yığılmışdı. Benik Movsesyan kimlərəsə göstəriş verirdi. Qərar oxunandan sonra bizi və müttəhimləri daş, taxta atəşinə tutdular. Movsesyan Benikin əlində stul qırıntısı var idi. O, taxta ilə bizi döyürdü. Kütlə içərisindən bizə atəş açmağa başladılar. Müttəhimlər hələ sağ idilər. Mən dəmir alətlə başımdan zərbə aldım, huşumu itirdim.
Fatma Məmmədova adlı şahid deyirdi ki, ermənilər onları (Ərşad, Ələmşad, Zöhrabı) işgəncə ilə döyüb öldürdülər. Yaxınlıqda milislər durmuşdular. Mən onlara yaxınlaşıb, buna yol verməməyi, bu vəhşiliyi dayandırmağı xahiş etdim. Onlar mənə “rədd ol burdan” deyib, yuxarı mərtəbəyə qalxdılar və oradan mənzərəni seyr etməyə başladılar. Yanğından mühafizə idarəsinin rəisi Qurgen Saturyan istintaqa bildirirdi ki, bizi yanan meyidləri söndürməyə qoymadılar. Qasımovu vurub huşsuz etmişdilər. Bizə də soyür, hədə-qorxu gəlirdilər. Milis işçisi Yusif Məmmədov qeyd edirdi ki, ermənilər avtomobili çevirib yandıranda Ələmşad və Ərşad ölmüşdülər, ancaq Zöhrab, görünür, sağ idi. Onun qışqırığı aləmi götürmüşdü. Payçar Mkrtıçyan izahatında yazırdı ki, Ernest və başqaları silahlı idilər, başqalarını tanımıram, onlar Yerevandan gəlmişdilər. Sümuzər Kərimova deyirdi ki, bizim evimizə soxuldular. Onların arasında Çolyanı və Caqa ləqəbli erməniləri tanıyıram. Evdən çıxıb getməyimizi əmr etdilər. Silahlanmışdılar və bizi öldürəcəkləri ilə hədələyirdilər. Uşaqları zirzəmidə gizlətmişdik. Istintaq işləri başa çatdıqdan sonra məhkəmə prosesi başladı və Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə iğtişaşlarda günahı sübuta yetrilmiş 19 nəfər erməni haqqında hökm çıxarıldı. Onlardan 5 nəfəri güllələnmə, 2 nəfəri 12-15 il, qalanları isə müxtəlif illər üzrə cəzaya məhkum olundular.
Qatilləri kimlər güllələnmədən xilas etdi?
Lakin Mərkəzdəki ermənilərin dəstəyi nəticəsində SSRI Məhkəmə Kollegiyası qərarı ilə 1969-cu ilin iyul ayının 4-də Azərbaycan Ali Məhkeməsinin qərarı ilə güllələnmə cəzası verilmiş Artyuş Asribabayan, Albert Danelyan və Benik Movsesyanın güllələnmə cəzası deyişdirilib, 15 il həbslə əvəz olundu. 19 dekabr 1969-cu ilin dekabr ayının 19-da Conrik Oqonovun və Ermak Arakelyanın da ölüm hökmü 15 il həbs cəzası ilə əvəz edildi. Müvafiq qaydada SSRI Ali Soveti və digər Ittifaq orqanları qalan məhbusların da həbs müddətini azaltdı və bəziləri müxtəlif adlar altında, hətta cəzanın qalan hissəsindən azad edildilər.
ardı var