Talantların itkisi torpaq itkisindən daha az ağrılı deyil
Yaramaz hökumətləri təhlil edərkən onların iki növünə rast gəlirik: əyrilərin hakimiyyəti və əyriliyin hakimiyyəti. Əyrilərin hakimiyyəti olan ölkədə başçılar sənədli-sübutlu əyri olurlar: rüşvətxor, büdcə talayan, şəxsi mənafeləri, öz iqtidarını ön plana qoyan adamlar: Ərdoğan, Sarkozi, Dilma Rusself və s. bu qəbildəndirlər. Belə hakimiyyətin var olması üçün o ölkədə doğruların da mövcud olması lazımdır. Bu hətta əyrilərin özünə lazımdır: onların da inana bildiyi kimlərsə olmalıdır. Onlar da kimisə aldada bilməlidir. Əyri əyrini aldada bilməz, amma doğru, səmimi, doğuya inanan kimlərinsə varlığı halında kimlərinsə əyriliyi işləyir.
Oğrular özlərindən başqa heç kəsin oğru olmasını istəməzlər.
Bir də var ikinci növ hakimiyyət: Əyriliyin hakimiyyəti. Belə hakimiyyətlərdə də hökumətdə oturanlar əyrilərdir, amma əyri olmaq total xarakterə sahibdir. Hökumət dünyanı, hökumət xalqı və xalq da öz növbəsində xalqı aldadır. Aldadış, yalan və etibarsızlıq hakimiyyətin qidasına çevrilir. Belə sistemlərin uğuru ona söykənir ki, hərkəs hərkəsin əyri olduğuna inansın. Bu inanc ürəklərə mismarlansın.
Yadımıza salaq ki, ölkəmizdə belə cümlələr vardır: “sizinkilər gəlib guya yaxşımı olacaqlar?”, “Onlar da rüşvət almayacaqmı? Onlar da talamayacaqmı?”, “Niyə sizə inanaq?”… Salamün-aleyküm. Əyriliyin hakimiyyətinə xoş gəldiniz. Bir cəmiyyət heç kəsin doğru ola biləcəyinə inanmırsa, əyrilik bizim kürəyimizi yerə vurmuşdur deməkdir.
Belə sistemlərdə kimsə çıxıb insan haqları, demokratiya, sosial rifah, çörək, sağlamlıq çağırışı etsə də, heç kimdən dəstək almaz. Əksinə, onu qaralamağa, ləkə vurmağa çalışılar. “Başqası gəlib bunlardan da betər olacaq” inancı oturuşar. Əyrilik hakimiyyətində heç kimə inanılmaz. Sistem özünü bu inamsızlığın üzərində qurmuşdur. Hər kəs agent olmasa da, hər kəsin potensial agent olacağı düşünülər. Hər kəs rüşvət verməsə də, heç kimin rüşvətsiz iş aşırdacağına inanılmaz. Hər kəs haram yeməsə də, hər kəs “hamı haram yeyir” deyərək, öz haramını legitimləşdirməyə çalışar.
Əyrilərin hakimiyyəti dəyişir. Çünki doğruların varlığı və doğruların varlığına inam vardır. Hər kəsin əyri olmayacağı, doğrunu tapıncayadək hər kəsə şans verilməli olduğu düşünülür. Lakin əyriliyin hakimiyyətində dəyişikliyə inam olmaz. Əyrinin yerinə gələn də əyri çıxacaq zənn edilər. Biz ən azı o həddə gəlməliyik ki, bu hakimiyyətin əyriliyin deyil, əyrilərin əlində olduğuna inanaq. Yalnız o halda bunlardan xilas olub, doğru bir hakimiyyət axtara bilərik. Əyriliyə uduzmamaq üçün doğruya ümid və inamı qorumalıyıq. Doğruların da var ola biləcəyinə ehtimal verməliyik.
Yaxınlarda duyduğum bir hekayə ilə bu yazını yazmaq istədim.
Sovet dövrünün çalışqan bir şagirdinin, filan institutun uğurlu tələbəsi olmuş bir məzunun müəllimlik karyerası YAP iqtidarınına təsadüf edirdi. Əmək haqlarının kəskin qısılması, müəllimliyin düşkün məsləklərdən biri halına gətirildiyi, dilənçi hala salınaraq peşə pozğunluğuna – rüşvətə, saxtalığa – itələndiyi bir dövr deyə bilərik. Məsləyinin sevgisi bir tərəfdən, məhdudiyyətlər, az maaş, az hörmətdən doğan məyusluq digər tərəfdən, onun həyatının ikicə rəngini təşkil edirdi: ağ və qara.
Bu ikirəngli həyatdan, ikidən çox seçim də gözləmək olmazdı. Ya hamı kimi axına qarışmaq, ya da axına qarşı durub əziyyətini ikiyə qatlamaq, tək buraxılmaq, saxtakar məsləkdaşlarla eyni havadan udmaq, qınanmaq, heç kəsə tətbiq edilməyən qaydalara tətbiq məruz qalmaq, sıxışdırılmaq, yadlaşdırılmaq və s.
O heç birini seçmədi. Ona verilməyən seçimi özü yaratdı. Həyatına rəngi özü gətirdi. Çırpındı və çox sayda müəllimlərin etmədiklərini etdi, qazanmadıqlarını qazandı. Onun etdiklərini edənlərdən də bir fərqi vardı : o bunları məhz özü etdi, layiq oldu. Sonra eşitdik ki, müxtəlif dövlət təltifləri filan alıb. Bu hökumətin etdiyi təltiflər özlüyündə lənətlik olsa da, bunu çalışaraq əldə etmək qeydə dəyir. Sonra öyrəşilmişdən fərqli bir hadisə oldu, illərdir müəllimi olduğu, direktorların heç də onun qədər bacarıqlı olmadığı məktəbə özü direktor oldu. Onu ora təyin etmədilər, özü sökərək o postu aldı. Müəllimlik karyerasında ciddi bir uğur qazandı. Deyə bilərik ki, “bu ölkədə direktor olmaqdan asan nə var, ən axmaq adamlar da bunu bacarır”. Fəqət bilirik ki, bu ölkədə savadlı adam olub, bir şeyləri də çalışaraq qazanmaq çox daha çətindir. Əyrilik hakimiyyətində doğruluğun uğur qazanması mümkünsüzə yaxındır.
Indi direktor olub… Hər kəs onun haqqında deyir ki, bu ölkədə rüşvət almadan, vermədən vəzifədə qalınmaz. O, vəzifədə qalmaq üçün könüllü-könülsüz saxtakarlıq edəcək. Seçkilərdə zülmün iqtidar qalması üçün o da əldən gələni edəcək, o da yaltaq və hayasız olacaq, o da cəhalətə xidmət edəcək… və s. Bir sözlə “zülm aparatının bir vinti olacaq”.
Bununla razılaşmamaq çətindir. Amma bununla razılaşmaq əyrilik rejiminin ayaqda qalmasına fürsət verməkdir. Bu rejim cəmiyyətdə inamsızlığı kökləyə bilibsə, bir insanın çox şeyi dəyişdirəcəyinə “imkansızdır” dedirə bilibsə, bir talantın bir yaramazdan fərqli bir direktorluq etməyəcəyini bizə qəbul etdiribsə, bir ulduzun yalnız iqtidar izn verincə parlayacağını bizə sırıyıbsa, bu hökumət bizi yenibdir deməkdir.
Indiyədək, inanmağa və inandırmağa çalışırdıq ki, bizdə əyrilər hakimiyyətdədir. Əgər inamsızlıq belə həddə çatmışsa, əyriliyin hakimiyyət etdiyi ölkədəyik. Xoş gəl(mə)dik. Çünki bu çox daha təhlükəlidir.
Bu millət talanlarını itirə-itirə gedir. Halbuki bir insan yığınına millət keyfiyyətini onun talantları verir. Yaradıcılar, kəşflər, alimlər, idmançılar, sənətçilər, döyüşçülər, dövlət adamları, din adamları, ideoloqlar və s. Bir millət talantlarını itirdikdə, onun torpağından kim nə edəcək? Bu ölkədə talantlar gedərək məhv edilir: Bir hökumətin vermədiyi qiymət, onları ölkədən küsdürüb çıxarır. Iki, bunu elə millətin özü edir, hökumətə gərək qalmır. Üç, talantlar onlara verilən həyatla barışıb, uduzmuş çoxluğun içində əriyib yox olurlar.
Bu gün dünyanın ən gözəl ölkələrində talantlara qucaqlar açılıb “siz bizim şərəf qonağımızsınız, sərvətimizsiniz” deyilərkən, biz ya talantları küsdürüb ölkədən qaçırdır, ya da ona inamsızlıq göstərib, solmasına, sönməsinə səbəb olur, gizlənməyə itələyirik.
Bəlkə həmin müəllim də rüşvət alıb verəcək, amma o məktəbin şagirdi ilk dəfə bunu görəcək: kimsə çalışaraq direktor ola bilər. Bu, ölkəmizdə nadir hadisədir. Və çalışaraq, haqq edərək, layiq olaraq bir şeyi qazanmaq, əyriliyə mesajdır: talantlar bitməyib və təslim olmayıblar.
Bənzər bir hadisəni bir universitet müəllimimdə də görmüşdüm. Ən rüşvətxor Universitetlərdən birində, onun öz nəfsinə göstərdiyi müqavimət və onun dəhşətli talantı ümidverici idi. Sonra onunla bir gün Təhsil Nazirlyində qarşılaşdım. Nazirlikdə də namuslu və talantlı adamlara ehtiyac duyulur bəzən. O talantını ortaya çıxarmışdı, gec də olsa. Ən önəmlisi, illərdən qalan xarab pencəyi dəyişmişdi. Sonra fərqli vəzifələr aldı. Nəhayət əyrilər ona zərbə vurdu. O yenə müəllimliyə geri döndü. Amma iki şey göstərərək: talantlar gizlənməməlidir və bu itkiyə getmir!
Bu ölkədə şərlə mübarizənin şərtləri arasında insanların göstərdiyi şücaətlərdə inam tapmaq və əyrilik hakimiyyətinin əsas gücü olan inamsızlığı yox etmək də vardır.
Azad Akifoğlu