Elxan Şahinoğlu: «Kemeron bu açıqlamayla daha çox tərəfdarlar toplamağa çalışaraq Türkiyədən bəhanə kimi istifadə edir»
Xəbər verildiyi kimi, Böyük Britaniyanın baş naziri David Kameron təmsil etdiyi hökumətin Türkiyənin AB-nə daxil olmasına mane olacağını bildirib. Baş nazir əvvəllər tutduğu mövqeyin əksinə olaraq deyib ki, Türkiyə Avropa Birliyinin üzvü olmaq üçün min il gözləməlidir.
O əlavə edib ki, hətta Türkiyə vətəndaşlarının Avropa Birliyinə vizasız gediş-gəlişi barədə razılaşma əldə olunarsa, Britaniya öz veto hüququndan istifadə edərək buna mane olacaq: “Biz Türkiyənin AB ÿüzvü olmasının qarşını ala bilərik. Britaniya və Avropa Birliyində olan hər bir ölkə başqa bir ölkənin qoşulmasına qarşı veto hüququndan istifadə edə bilər. Bu, faktdır”.
D.Kemeron Türkiyənin yaxın zamanlarda AB-nə girməsi ehtimalını rədd edib. O, istehza ilə deyib ki, Türkiyənin bu sahədə hazırkı irəliləyişindən belə görünür ki, ölkə 3000-ci ilə qədər AB üzvü ola bilməyəcək.
Xatırladaq ki, iyunun 23-də Britaniyada keçiriləcək referendum ölkənin AB-nin tərkibində qalıb-qalmayacağını müəyyən edəcək. Ölkədə bu məsələ ilə bağlı parçalanma var. Kameron və tərəfdarları Britaniyanın AB-də qalmasını dəstəkləyirlər. Ölkənin AB-dən çıxmasını istəyənlərsə iş axtarmaq üçün gələn “milyonlarla türk mühacirin” Britaniya cəmiyyəti üçün təhlükə ola biləcəyindən ehtiyat edirlər.
Maraqlı məqamlardan biri isə, Kameron və tərəfdarlarının da eyni səbəbdən, yəni mühacirlərin Britaniyaya girməsinin qarşısını almaq üçün AB-də qalmaq istədiklərini demələridir.
Kameronun 2010-cu il iyulun 27-də Ankarada etdiyi çıxışı xatırlayanlar onun mövqeyindəki bu kəskin dəyişikliyin nədən qaynaqlandığını sual edirlər. Həmin çıxışda o belə demişdi: “Mən Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəkləmək və buna görə vuruşmaq üçün buradayam”.
Türkiyənin AB-yə üzvlüyünü ləngidən səbəbləri şərh edən politoloq Elxan Şahinoğlu, əslində, Devid Kameronun Türkiyəni uzun illər dəstəkləyən şəxs olduğunu xatırladır. Politoloq Fransa və Almaniyanın bu quruma üzvlüyün daim əleyhinə olduğunu, lakin Böyük Britaniyanın siyasi xəttinin bu yöndə maneə olmadığını söyləyir:
“Düşünürəm ki, Kamerenun bu açıqlaması daxili auditoriyaya hesablanıb. Çünki iyunun 23-də Böyük Britaniyada referendum keçiriləcək. Vətəndaşlar da Böyük Britaniyanın Avropa Ittifaqında qalıb-qalmamasına səs verəcəklər. Ona görə də Kemeron bu açıqlamayla daha çox tərəfdarlar toplamağa çalışaraq Türkiyədən bəhanə kimi istifadə edir”.
E.Şahinoğlu yaxın perspektivdə Türkiyənin bu quruma üzv ola bilməyəcəyini söyləyir. Çünki tələblər yerinə yetirildikcə, yeniləri meydana çıxır. Nə qədər tələb yerinə yetirilirsə yetirilsin, Türkiyə qarşısında yeni tələblər qoyulur:
“Misal üçün, keçmiş baş nazir Davudoğlu vizanın aradan götürülməsiylə bir çox istəklərin yerinə yetiriləcəyini demişdi. Üstündən bir qədər keçəndən sonra Türkiyənin terrorla bağlı qanunu yumşaltmasıyla bağlı tələb gəlir.Bu da faktiki Türkiyəni aşağılamaq deməkdir. Yəni bu cür açıqlamalar və gedişatdan görünür ki, yaxın vaxtlarda Türkiyənin həmin quruma girişinə maneə yaradacaqlar və bu məsələ yaxın perspektivdə heç mümkün də olmayacaq”.
Nigar