Azərbaycan bank hesabı olan şəxslərin sayına görə yüksək və orta gəlirli ölkələrdən geri qalır
Dünya Bankı “Azərbaycanda maliyyə potensialı və inkluzivliyinin gücləndirilməsi Hesabatı”nı açıqlayıb. Məlum olub ki, Azərbaycan bank hesabı olan şəxslərin sayına və maliyyə infrastrukturunun inkişaf səviyyəsinə görə, yüksək orta gəlirli ölkələrdən geri qalır. Sorğuların nəticələrinə görə, Azərbaycanda yalnız 36,4 faiz yetkin şəxs bank hesabına malikdir. Müqayisə üçün Gürcüstanda bu göstərici 39,7, Qazaxıstanda 53,9, Türkiyədə 56,6, Rumıniyada 60,8, Serbiyada 83 faiz təşkil edir.
Sənəddə deyilir ki, ölkədə maliyyə sektorunun inkişafı və bu sahədə savadlılığının artırılması sahəsində görülən işlər maliyyə inkluzivliyi göstəricilərinin yaxşılaşması ilə nəticələnib. Lakinÿbir çox ölkələrlə müqayisədə bu göstəricilər əhəmiyyətli dərəcədə aşağıdır.
Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko deyib ki, maliyyə xidmətlərinin daha da əlçatanlığı üçün bu xidmətlərin, xüsusilə baza maliyyə məhsullarının məsrəfləri bankların effektivliyinin artırılması, maliyyə sektorunda şəffaflığın və rəqabətin gücləndirilməsi ilə azaldılmalıdır. Hesabatda həmçinin qeyd edilib ki, maliyyə əlyetərliyi və inkluzivliyi bir sıra amillərdən asılıdır. Söhbət gəlir səviyyəsi, məşğulluq vəziyyəti və ev təsərrüfatlarının ölçüsündən gedir. Potensialın zəif olması və baza maliyyə xidmətlərinin yüksək məsrəfləri bu xidmətlərinin istifadəsi üçün maneələrdən biri kimi nəzərə çarpır. Bildirilib ki, Azərbaycanda bank şəbəkəsi (hər 1000 yetkin şəxsə düşən bank şöbələrinin sayına görə) Avropada ən kiçiklərdən biridir.ÿMüasir maliyyə xidmətlərinin göstərilməsi (o cümlədən, filialsız banklar, rəqəmsal maliyyə) isə yetərli səviyyədə inkişaf etməyib. Kredit infrastrukturu (kredit büroları, təminatlı transaksiyalar çərçivəsi) formalaşma mərhələsindədir.
Məsələyə diqqəti çəkən iqtisadçı-ekspertlər hesab edir ki, hazırda 48 faiz pul kütləsi bank sistemindən kənarda olduğu üçün ölkəmizdə bank hesabı olanların sayı çox azdır. Belə olan halda isə vəziyyət acınacaqlı olacaq:
“Xarici ölkələrdə isə belə deyil. Orada heç kim cibində pul gəzdirmədiyi, hamı kartla işlədiyi üçün hesablar da çoxdur. Yəni depozitlər sayla götürəndə daha çoxdur. Bir adamın bir neçə depoziti olur və köçürmələrini də belə edir. Digər bir məqam isə, bizdə əhalinin həyat səviyyəsinin çox aşağı olmasındadır. Insanlar olan pulunu dərhal ərzağa və kommunal borclarına xərcləyir. Insanların əlavə pulu yoxdur ki, bank hesabı açdırsın və depozitə vəsait yatırsın”.
Nigar