Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın şərti cəza ilə həbsdən buraxılmasına beynəlxalq ictimaiyyətdən reaksiyalar gəlməkdədir.
“Bu, Xədicə üçün möhtəşəm gündür. Eləcə də bütün jurnalistlər və bütövlükdə azad söz üçün…” – bunu Azad Avropa və Azadlıq Radiolarının baş redaktoru Nenad Pecic deyib. “Biz Xədicə və ailəsinin xoş gününə çox sevinirik və Xədicənin iş başına qayıtmasını səbirsizliklə gözləyirik”, – deyə o qeyd edib.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt da Ali Məhkəmənin qərarını alqışlayıb: “Xədicə İsmayıl Avropa Şurasının çoxdankı tərəfdaşı və ölkəsində fəal hüquq müdafiəçisidir. Bu gün onun azad edilməsi, habelə bu yaxınlarda məşhur hüquq müdafiəçilərinin və jurnalistlərin azad edilməsi mənim Azərbaycanın dönüş nöqtəsi yaşadığından əminliyimi artırır. Mən ölkəni bu müsbət yolda irəliləməkdə davam etməyə çağırıram”.
“Xədicə ədalətsiz həbs olunmuşdu”
Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieks də də Xədicə İsmayılın azad edilməsini alqışlayır. O, bu barədə özünün “Twitter” səhifəsində yazır: “Şadam ki, araşdırmaçı jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayıl nəhayət, azadlıqdadır”.
Nils Mujnieks Xədicənin ədalətsiz olaraq həbs edildiyini vurğulayır: “O, çoxdan azad edilməli idi. Mən Azərbaycan hakimiyyətini İsmayılın məhdudiyyətsiz olaraq öz fəaliyyətini davam etdirməsini təmin etməyə və öz baxışlarını ifadə etdiklərinə görə, həbs olunmuş bütün digər şəxsləri azad etməyə çağırıram”.
“Seymur, Əbdül, Nicat, Rəşad… da buraxılmalıdır”
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç və bu təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri Mixail Link də Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayıb.
“Mən Azərbaycan hökumətini Xədicə İsmayıla qarşı bütün ittihamları ləğv etməyə və həbsdəki digər jurnalistləri də azadlığa buraxmağa çağırıram”, – deyə Miyatoviç bildirib.
Mixail Link də bəyanatında həbsdəki digər jurnalist və bloggerlərin, o cümlədən Seymur Həzi, Əbdül Əbilov, Nicat Əliyev, Rəşad Ramazanov, Araz Quliyevin də həbsdən buraxılması üçün çağırış edib.
Miyatoviç və Link onu da qeyd ediblər ki, ATƏT Azərbaycana media azadlığı və jurnalistlərin təhlükəsizliyi sahəsində vəziyyətin yaxşılaşdırılması, həmçinin insan hüquqları və əsas azadlıqların müdafiəsi üçün lazım olan köməyi göstərməyə hazırdır.
“Azadlıq” radiosunun Bakı bürosunu da açın”
“Azadlıq” radiosunun da daxil olduğu ABŞ-ın Yayım İdarəetmə Şurasının (BBG) sədri Ceff Şell də Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayıb və Azərbaycan hakimiyyətini onun barəsində hələ də qüvvədə olan ittihamları ləğv etməyə, jurnalistin azadlığını tam təmin etməyə çağırıb: “Hakimiyyəti ”Azadlıq” radiosunun Bakı bürosunun ofisinin açılmasına şərait yaratmağa, radionun ölkə daxilindəki müxbirlərinə təzyiqlərinə son qoymağa çağırıram”.
BBG-nin direktoru Cohn F. Lansing də hadisəyə münasibə bildirib: “Ümid edirəm ki, bu, Azərbaycana söz azadlığı ilə bağlı dəyişikliyin göstəricidir. Amma daha çox iş görülməlidir”.
Cohn F.Lansing Azərbaycan hökumətini Xədicə İsmayılın üzərindən ölkədən çıxış qadağasını götürməyə çağırıb, onun həbsdən əvvəl olduğu kimi narahat edilməyəcəyinə, izlənməyəcəyinə ümid etdiyini bildirib: “Azərbaycan hökumətini ”Azadlıq” radiosunun Bakı bürosunun jurnalistləri ilə bağlı istintaq işini dayandırmağa, 2014-cü ilin dekabrında ədalətsizcəsinə qapadılmış büronun işinə dərhal icazə verməyə çağırıram”.