NİDA Vətəndaş Hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov barəsində olan həbsin ev dustaqlığı və ya girov qətiimkan tədbiri ilə əvəzlənməsilə bağlı vəsatətin təmin olunmamasına görə verilən apellyasiya şikayətlərinin vaxtı açıqlanıb.
Bu haqda NİDA Vətəndaş Hərəkatının üzvlərinin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov məlumat verib.
O bildirib ki, Qiyas İbrahimov barədə şikayətinə mayın 26-da saat 14:30-da baxılacaq:
“Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə Qiyas İbrahimovun barəsindəki həbsin ev dustaqlığı və ya girov qətiimkan tədbiri ilə əvəz olunması barədə vəsatətimin təmin olunmaması haqqında Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun 20.05.2016-cı il tarixli qərarından verdiyim apellyasiya şikayətinə baxılacaq”.
Onun sözlərinə görə, həmçinin mayın 26-da 18.00-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə Bayram Məmmədov barəsindəki həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin olunmaması haqqında Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun 20.05.2016-cı il tarixli qərarından verdiyi apellyasiya şikayətinə baxılacaq.
“Hər iki gənc məhkəmə iclaslarında iştirak edəcəklər (Konvoy vasitəsilə gətiriləcəklər). Məhkəmə iclasları qapalı keçiriləcək”.
(modern.az)