Poroşenko: «Ukrayna Savçenkonu geri qaytardığı kimi, Krımı və Donbası da geri alacaq»
Rusiyada 22 illik həbs cəzasına məhkum olunan ukraynalı pilot Nadejda Savçenko dünən azadlığa buraxılıb. Rusiya prezidenti Vladimir Putin onun əfv olunması barədə sərəncam imzalayıb.
Prezident xüsusi təyyarə göndərdi
Sərəncamdan dərhal sonra Ukrayna prezidenti Petro Poroşenko Savçenko üçün Rusiyaya xüsusi təyyarə göndərib. Rusiyanın Rostov şəhərində pilotu Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko və Ali Radanın sədr müavini Irina Geraşşenko qarşılayıb. Prezident təyyarəsi Rostovdan Kiyevə yola düşüb.
Qeyd edək ki, “Aydar” taborunun sıralarında Ukraynanın şərqində aparılan hərbi əməliyyatların iştirakçısı olan N.Savçenko 2 il əvvəl ruslar tərəfindən ələ keçirilmişdi. Iki ay əvvəl isə Rusiya məhkəməsi onu iki curnalistin qətlində günahkar bilərək 22 il müddətinə azadlıqdan məhrum etmişdi. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ukraynalı pilot qətlə yetirilən rusiyalı jurnalistlərin yaxınlarının istəyi ilə əfv olunub: “Onlar Savçenkonun əfv olunması ilə bağlı bu ilin mart ayında Vladimir Putinə müraciət etmişdilər”.
Poroşenko da öz növbəsində Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat Idarəsinin zabitləri Aleksandr Aleksandrovu və Yevgeni Yerofeyevi əfv edib. Rusiya vətəndaşları olan bu şəxslər bir il əvvəl Donbasda Ukrayna hərbçiləri tərəfindən əsir alınmışdı. Bu ilin aprelində Kiyev məhkəməsi onların hər ikisini terrorçuluq fəaliyyətində təqsirləndirərək 14 il müddətinə həbs cəzasına məhkum olunmaları barədə hökm çıxarmışdı.
Poroşenkonun sərəncamından sonra rus zabitlər Rusiyaya təhvil verilib. Rusiya hökuməti onları gətirmək üçün Kiyevə xüsusi təyyarə göndərib. Dmitri Peskov Putinin azad olunan rus zabitlərlə görüşün hələ ki nəzərdə tutulmadığını bildirib.
“Savçenko ilə birgə Ukraynaya qələbə ümidi də qayıdıb”
Savçenko Ukraynada böyük hərarətlə qarşılanıb. Prezident Poroşenko onu qəbul edərək ordenlə təltif edib. Mərasimdəki çıxışı zamanı Poroşenko bildirib ki, Ukrayna Savçenkonu geri qaytardığı kimi, Krımı və Donbası da geri alacaq: “Savçenko ilə birgə Ukraynaya qələbə ümidi də qayıdıb. Bu məsələdə göstərdikləri fəallığa görə dünyada Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm. Dünya liderlərindən Almaniya kansleri Angela Merkelə, prezident Fransua Ollanda, prezident Barak Obamaya, Avropa Birliyinə üzv dövlətlərin rəhbərlərinə… Hamı, eləcə də Polşa, Litva, Britaniya, Ispaniya, Italiya Rusiyaya qarşı sanksiya qərarında həmrəy oldu. Uzaq Avstraliya və Yaponiyanın rəhbərləri də bəyan edirdilər ki, Nadejda Savçenko evinə qayıtmalıdır”.
Poroşenko Savçenkonu “Ukrayna qəhrəmanının qızıl ulduzu” ordeni ilə təltif edib.
“Bütün girovların ölkəyə qayıtması üçün çalışacam”
Ukraynaya xidmət etməyə hər zaman hazır olduğunu deyən Savçenko onu da bildirib ki, bütün girovların ölkəyə geri qayıtması üçün çalışmağa hazırdır: “Mən ilk növbədə ona çalışacam ki, sağ qalan girovlar ölkələrinə qayıtsınlar. Mümkün qədər az insan həyatını itirsin. Eləcə də Ukraynanın güclü dövlət olması üçün çalışacağıq”.
Rusiya Dumasının spikeri Valentina Matvienko Savçenkodan qəhrəman düzəltməyin yersiz olduğunu deyib: “Buna heç bir əsas yoxdur. Məhkəmə tərəfindən təsdiqlənib ki, rusiyalı jurnalistlərin qətlində məhz o təqsirkardır”.
“Əgər bunun müqabilində bizimkilər azad olunacaqlarsa, Savçenko kimilərdən elə qurtulmaq yaxşıdır. Torpağımızda daha az üfunət olar”. Bunu isə Rusiyanın qalmaqallı siyasətçisi Vladimir Jirinovski Savçenkonun azad edilməsinə münasibət bildirərkən deyib. O, Savçenkonun psixi problemlərinin olduğunu da bildirib: “O, psixi cəhətdən tam sağlam deyil. Bunu onun üzündən də görmək olar”.
Putin sanksiyalardan qurtulmaq istəyir
Avropa Birliyinin bəzi liderləri isə hesab edir ki, Putinin Savçenkonu azad etməsi Minsk sazişinin icrası və sanksiyaların götürülməsi istiqamətində atılmış addımdır. Fransa prezidenti Fransua Olland da Putinin Savçenko ilə bağlı sərəncamını belə qiymətləndirib.
Avropa Parlamentinin sədri Martin Şults Savçenkonun azad olunmasını çoxdan gözlədiklərini və bunun pilotun yaxınları, eləcə də Ukrayna üçün sevindirici xəbər və gözəl siqnal olduğunu bildirib.
AŞPA sədri Pedro Aqramunt Savçenkonun azadlığa buraxılması qərarını alqışladığını və səhhəti imkan verərsə, xanım pilotu Parlament Assambleyasının növbəti sessiyasına gözlədiyini deyib.
Avropa Birliyinin rəsmisi Federika Moqereni bunun uzun müddətdən bəri gözlənilən xoş xəbər olduğunu və bu xəbəri AB-nin Ukrayna ilə birgə qeyd etdiyini bəyan edib.
Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Savçenkonun qayıdışının Minsk sazişinin icrası üçün yaxşı impuls ola biləcəyini qeyd edib.
Bu arada, Avropa Birliyi ölkələri Rusiyaya görə iki cəbhəyə ayrılıblar. Bu ölkələrin bir qismi (Britaniya, Isveç, Polşa və s.) Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyir, bir qismi isə (Macarıstan, Yunanıstan, Kipr, Slovakiya, Italiya) buna qarşı çıxır. Eyni zamanda Avstriya da Rusiya ilə münasibətləri normallaşdırmağın lehinədir.
Bir neçə gün əvvəl Almaniya hökuməti bəyan etmişdi ki, Avropa Birliyində Rusiyaya qarşı sanksiyaların uzadılmasına qarşı çıxanların sayı getdikcə artır. Brüsseldəki dimlomatik mənbələrdən bildiriblər ki, ilin sonuna qədər sanksiyalar tədricən götürülə bilər.