Xədicə İsmayılı yaşadığı mənzildə ailə üzvləri və yaxınları ilə birlikdə çox sayda jurnalist və ictimaiyyət nümayəndələri gözləyib. Evin qarşısında onu alqışlar və gül-çiçəklə qarşılayıblar. X.İsmayılı ziyarət etmək üçün yaşadığı mənzilə gələnlərin ardı-arası kəsilməyib.
Azadlıq qəzetinin bir neçə əməkdaşı, redaktorlar Rövşən Hacıyev, Sücəddin Şərifov, Alı Rza, müxbirlər Vidadi Məmmədov, Xalid Qarayev, Təzəxan Mirələmli və direktoru Faiq Əmirli də Xədicə İsmayılla görüşə gedib, qəzetin kollektivi adından ona və ailəsinə şərti cəza ilə olsa da, azadlığa çıxması münasibətilə gözaydınlığı verib, hətta həbsxana şəraitində də göstərdiyi prinsipiallığa görə minnətdarlıq edib. Xədicə İsmayıl da öz növbəsində Azadlıq qəzetinin kollektivinə ölkədə insan haqları və söz azadlığının müdafiəsi, o cümlədən siyasi məhbusların müdafiəsi işində göstərdiyi fəaliyyətə görə təşəkkürünü çatdırıb, qəzetin bu sahədə oynadığı rolu yüksək qiymətləndirib.
“Araşdırmalarım davam edəcək”
Ali Məhkəmənin qərarından sonra ictimaiyyət nümayəndələri, gənc fəallar, jurnalistlər, siyasətçilər Xədicənin saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsinin qarşısına gediblər. Xədicəni qərarın elan olunmasından təxminən üç saat sonra buraxıblar. Azadlıqda verdiyi ilk müsahibəsində də o, jurnalist fəaliyyətini, araşdırmalarını qaldığı yerdən davam etdirəcəyini bəyan edib: “Indi daha enerjiliyəm”.
“Hakimiyyət hesab elədi ki, məni həbs eləməklə tənqidlər azalacaq, amma həmkarlarım çox sağ olsun ki, işi yarımçıq qoymadılar, iş daha da gücləndirildi, mənim həbsimdən sonra daha çox araşdırma oldu və ofşor zonalarda gizlədilən daha çox şirkət üzə çıxdı”, – deyə Xədicə Ismayılÿ bildirib.
O, bu işdə əməyi olan yerli və beynəlxalq jurnalistlər, habelə onun və digər siyasi məhbusların azadlığa çıxması uğrunda mübarizə aparan hüquq müdafiəçiləri və vəkillərə təşəkkürünü bildirib.
Jurnalist fəaliyyətinə qadağa qoyulması ilə bağlı şayiələrə gəldikdə isə Xədicə Ismayıl qərarda belə bir halın nəzərdə tutulmadığını deyib: “Jurnalist peşəsi, hətta Azərbaycan kimi repressiv bir ölkədə də lisenziyalı faəliyyət növü deyil”.
***
Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbsdən azad edilib. Qərarı mayın 25-də jurnalistin kasassiya şikayətinə baxan Ali Məhkəmə verib. Əli Seyfəliyevin sədrlik etdiyi hakimlər heyəti Xədicənin məhkum olunduğu maddələrdən ikisi – CM-nin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ona bəraət verib. CM-nin 192-ci (qanunsuz sahibkarlıq) və 213-cü (vergidən yayınma) maddələrilə isə ona 3 il 6 ay həbs cəzası təyin olunub. Xədicə Ismayıla CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin cəza şərti hesab olunub və jurnalistin dərhal həbsdən azad edilməsinə qərar verilib.
Məhkəmə iclasının əvvəlində hakim Əli Seyfəliyev bildirib ki, Xədicə Ismayıl Ali Məhkəməyə məktub göndərərək prosesdə özünün də iştirak etmək arzusunu ifadə edib. Vəkilləri də prosesin jurnalistin özünün iştirakı ilə keçirilməsi barədə vəsatət qaldırıblar. Lakin vəsatət təmin olunmayıb və məhkəmənin onun iştirakı olmadan keçirilməsinə qərar verilib.
“Burada cinayət yoxdur, ancaq qərəz var”
Daha sonra Xədicə Ismayılın vəkilləri çıxış edərək, ittihamın əsassız olduğunu, onun əslində, jurnalist fəaliyyətinə görə təcrid edildiyini vurğulayıblar. Müdafiəçilər bəraətverici əsaslarla ona qarşı cinayət təqibinə xitam verilməsini istəyiblər.
Fariz Namazlı jurnalistə qarşı ittihamların hər birinin əsassızlığı barədə arqumentlərini məhkəmənin nəzərinə çatdırıb: “Xədicə Ismayıl barəsində aşağı instansiya məhkəmələrinin hökm və qərarları qanunsuzdur, əsassızdır. Məhkəmələr o qədər ittiham aktını təsdiqləməyə öyrəşiblər ki, CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə ona bəraət verildiyi halda, hökmdə həmin ittiham üzrə ekspertiza xərclərini də onun üzərinə yazıblar. Xədicə Ismayılın status və vəzifəsi düzgün müəyyənləşdirilməyib. ”Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyi ilə Bakı bürosunun fərqini ayırd edə bilməyiblər. Xədicə Ismayıl tənqidi, araşdırma yazılarına görə həbs olunub. Istintaq təcridxanasında onun vəkillərilə ünsiyyətinə maneçilik törədilib, sənədləri götürülüb. Bir sözlə, yazı yazmasının qarşısını almaq üçün həbs olunub”.
Digər vəkilÿ Cavad Cavadov ÿda ittihamların absurd olduğunu bildirib: “Xədicənin kimisə işə götürmək, kiminləsə əmək və ya xidməti müqavilə bağlamaq səlahiyyəti olmayıb. Üstəlik, əməkdaşlar məhkəmədə də bildirdilər ki, sərbəst iş rejiminə görə özləri xidməti müqavilə bağlamaq istəyiblər. Nəhayət, xidməti müqaviləni qanun qadağan etmir. ANS-in Vergilər Nazirliyinə qarşı iddiası üzrə qüvvəyə minmiş məhkəmə hökmü də bunu sübut edir”.
Jurnalistin daha bir vəkili Fəxrəddin Mehdiyev də Xədicə Ismayılın günahsız olduğunu vurğulayıb: “Bu cinayət işi qeyri-adi işdi. Bu iş həm də qeyri-adi qanunsuzluqlarla müşayiət olunub. Burada heç bir cinayət hadisəsindən söhbət gedə bilməz. Ancaq və ancaq qərəz var bu işdə”.
Azərbaycanda demokratik dəyərlərin bərqərar olması üçün Xədicə Ismayılın böyük cəsarət və fədakarlıq nümayiş etdirdiyini deyən vəkil hakimlərin nəzərinə çatdırıb ki, o, 40-a qədər nüfuzlu beynəlxalq mükafatın sahibidir.
Vəkillərdən sonra prokuror Müstəcəb Əliyev çıxış edib və Xədicə Ismayıl barədə qərarın dəyişməsinə əsas olmadığını bildirib. Təxminən 10 dəqiqəlik müşavirədən sonra Əli Seyfəliyevin sədrlik etdiyi hakimlər kollegiyası qərarı elan edib.
***
Yaxınları və bir sıra ictimaiyyət nümayəndələri Xədicə İsmayılı qarşılamaq üçün onun cəza çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında toplaşıblar. Lakin onun CM-in əsas qapısından onu gözləyənlərin qarşılaması ilə buraxılıb-buraxılmayacağı bəlli deyil.