«Banklar manatla kredit verməyənə qədər iqtisadiyyat dirçəlməyəcək»
Samir Əliyev: «Bank sektoru ölkə iqtisadiyyatının kreditlərlə təmin edilməsi üçün manatla kredit verilməsinə getməlidir»
Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və Inkişaf Bankının (AYIB) prezidenti Suma Çakrabati hökumət rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkə iqtisadiyyatı və bank sektorundakı vəziyyəti müzakirə edib.
Bu barədə S. Çakrabati dünən keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bank sistemində dəyişiklik olmadan iqtisadi artımın sürətlənməsi mümkün deyil: “Iqtisadiyyatda artım o zaman gözlənilə bilər ki, yerli bankların kredit ayırmaq imkanı olsun. Belə ki, ölkə iqtisadiyyatı həddən artıq dollarlaşıb və hamı bununla razılaşır. Buna görə, bankların manatla kreditləşməni bərpa etməsi üçün müvafiq mexanizm hazırlanmalıdır. Yaxşı olardı ki, milli valyutada istiqrazların buraxılması təmin edilsin. Azərbaycanda problemli kreditlərin həcmi artıb. Lakin bu proses yalnız Azərbaycan üçün xarakterik hal deyil, digər ölkələrdə də bu cür hal müşahidə olunur. Burada əsas məsələ kreditin ödənilməsi mədəniyyətinin formalaşmasıdır. Bu məsələ öz həllini tapmalıdır ki, banklar növbəti sərt addımlar atmasınlar”.
AYIB prezidenti deyib ki, onun rəhbərlik etdiyi bank manatla istiqraz buraxa bilər: “Bu yalnız bir şərtlə baş tuta bilər ki, bunun üçün müvafiq şərait yaradılsın. Manatla istiqrazların buraxılması üçün tənzimləyici addımlar atılıb. EBRD digər ölkələrdə milli valyutada istiqrazlar buraxıb. Burada əsas məsələ bazarın buna hazır olmasıdır”.Çakrabati əlavə edib ki, AYIB Cənub Qaz Dəhlizi layihəsində iştirak etməkdə qərarlıdır.
Artıq bununla neçənci beynəlxalq təşkilatdır ki, Azərbaycan hökumətinə bank sektorunun böhrandan çıxarılmasının vacib olduğunu tövsiyyə edir. Amma hazırda Azərbaycan hökuməti dövriyyədəki manatın kütləsini azaltmaqla dolların məzənnəsinin artmasının qarşısını alır. Eyni zamanda manatla kredit verilməməsi də milli valyutanın kütləsinin artmasının qarşısını almağa hesablanıb.
Iqtisadçı Samir Əliyev bildirdi ki, yerli müstəqil ekspertlər də dəfələrlə bəyan ediblər ki, Azərbaycanın bank sektorunda kreditləşmə bərpa edilməlidir. Hazırda ölkənin bank sektorunun dollarlaşdığını deyən S.Əliyev vurğuladı ki, bank sektorunun bu formada dollarlaşması ölkə iqtisadiyyatı üçün ciddi problemlər yaradır: “Ona görə məncə, dollarlaşmanın azaldılması siyasəti yürüdülməlidir. Bunun da əsasını manata inam təşkil edir. Manatın rolunu artırmaqla dollarlaşma səviyyəsini aşağı salmaq olar. Manatın rolunun artırılması isə kreditləşmədən keçir. Mərkəzi Bank dövriyyəni kiçildərək dolları bazara buraxmaqla manatı alıb. Indi də həmin manatı bazara geri buraxmır. Amma bank sektoru ölkə iqtisadiyyatının kreditlərlə təmin edilməsi üçün manatla kredit verilməsinə getməlidir. Digər tərəfdən manat kreditləşməsi devalvasiya zamanı riski azaldır. Dollarla verilən kreditlərin qaytarılmasında problemlər yaşanır. Amma manatla verilən kreditlərin qaytarılmasında problem yaşanmır”.
S.Əliyevin sözlərinə görə, bütün xəbərdarlıqlara baxmayaraq manat kerditləşməsi ilə bağlı konkret addım atılmayıb. Çünki manatla kreditlərin verilməsi bankların özü üçün vacibdir. Hazırkı vəziyyətdə kreditləşmənin getdikcə azaldığını deyən S.Əliyev bildirdi ki, kreditləşmə azaldığından bankların gəliri ona uyğun olaraq azalır.
Xəyal