Türklər Avropaya vizasız giriş əldə etməsələr Türkiyə parlamenti Avropa İttifaqı ilə miqrantlarla bağlı danışıqları bloklaşdıra bilər, prezident Recep Tayyip Erdoğan deyib.
Aİ-nin Şengen zonasına vizasız giriş mart ayında əldə olunan sazişdə əsas tələb idi.
Lakin Aİ deyir ki, giriş icazəsi veriləndən əvvəl Türkiyə özünün terror qanunlarında dəyişiklik etməsi də daxil olmaqla bəzi şərtlərə əməl etməlidir.
Saziş insanların Avropaya kütləvi hərəkətini dayandırmağa yönəlib.
Cənab Erdoğan həmçinin deyib ki, Aİ-nin vəd etdiyi vəsait hələ də verilməyib.
Aİ və Türkiyə arasında imzalanmış sazişdə deyilir ki, iyunun sonunadək viza rejiminin ləğv edilməsi üçün Ankara 72 şərti yerinə yetirməlidir.
Lakin bazar ertəsi cənab Erdoğanla görüşən Almaniya kansleri Angela Merkel deyib ki, bu şərtləri tamamlamaq üçün kifayət qədər vaxt qalmaya bilər.
İstanbulda keçirilən Dünya Humanitar Sammitinin bağlanış mərasimində danışan cənab Erdoğan xəbərdarlıq edib: “Əgər bu baş verməyəcəksə.. saziş çərçivəsində (miqrantlarla bağlı) heç bir qərar və heç bir qanun Türkiyə Respublikasının parlamentinə çıxarılmayacaq.”
Dəyişikliklərdə əsas maneə Türkiyənin anti-terrorizm qanunu ilə bağlıdır. Aİ və insan hüquqları qrupları Ankaranı anti-terror qanunvericiliyindən jurnalistləri qorxutmaq və fərqli düşüncəni boğmaq üçün istifadə etməkdə ittiham edib.
Lakin Türkiyə həmin qanunvericiliyin silahlılarla mübarizə aparmaq üçün lazım olduğunu vurğulayaraq onu dəyişməkdən imtina edir. Cənab Erdoğan Aİ-ni tələbləri üzərindən “riyakarllıq” etməkdə ittiham edib.
‘Pozulmuş vəd’
Cənab Erdoğan həmçinin deyib ki, ittifaq Suriya qaçqınlarına vəd etdiyi yardımı çatdırmayıb.
Aİ razılaşmanın tərkib hissəsi kimi 6 milyard avro yardım edəcəyini vəd edib.
“İndiyə qədər yerinə yetirilənlərə baxanda biz görürük ki, onlar verdiyi vədləri tutmayıblar”, prezident Erdoğan deyib.
Aİ ilə Türkiyə arasındakı razılaşmaya əsasən, martın 20-dən etibarən Yunanıstana qanunsuz gəlmiş miqrantlar sığınacaq üçün müraciət etmirlərsə və ya müraciətləri rədd edilirsə, onlar Türkiyəyə geri göndərilməlidir.
Türkiyəyə qayıdan hər bir suriyalı mühacir üçün Aİ sığınacaq ərizəsilə ilə müraciət etmiş daha bir suriyalını qəbul etməlidir.
(bbc azəri)