Maliyyə böhranı, yoxsa Rövnəq Abdullayevin sıradan çıxarılması prosesi?
SOCAR-ın Cenevrədəki ofisi fəaliyyətini dayandırıb. Bu barədə Isveçrənin rusdilli “Nasha Gazeta” nəşrinə müsahibəsində səfir Əkrəm Zeynallı deyib. “Dünya bazarında neftin üç dəfəyədək ucuzlaşmasından sonra SOCAR xərclərinin optimallaşdırılmasını və bəzi struktur bölmələrinin restrukturizasiyasını nəzərdən keçirib.
Beləliklə, SOCAR-ın xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətinə də yenidən baxılmalı oldu. SOCAR Isveçrədə üç müxtəlif strukturla təmsil olunmuşdu – bu ölkədəki rəsmi nümayəndəliklə, ”SOCAR Trading” və “SOCAR Energy Switzerland”. Verilən qərara əsasən, SOCAR-ın Cenevrədəki nümayəndəliyi fəaliyyətini dayandırdı”, – deyə diplomat qeyd edib.
“Qənaət üçün dekabrda qərar qəbul etdik ki,SOCAR-ın bütün nümayəndəliklərinin işi dondurulsun”. Bunu isə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
R.Abdullayevin sözlərinə görə, xaricdəki nümayəndəliklərin funksiyaları digər şirkətlərə verilib: “Nümayəndəliklərin nümayəndəlik funksiyalarını Bakıya və yaxında olan 100 faizlik şirkətlərimizə verilib. Bütün şirkətlər kimi biz də maliyyə məsələləri ilə bağlı bu addımı atdıq”.
Qeyd edək ki, bir neçə gün əvvəl də SOCAR-nın nəzdində olan “Azəriqaz”ın səlahiyyətlərinin bir qismi Fövqəladə Hallar və Energetika nazirlikləri arasında bölüşdürülüb. Bəzi iddialara görə, bu Rövnəq Abdullayevin çökdürülməsi prosesinin tərkib hissəsidir. Lakin baş verənləri maliyyə böhranı ilə əlaqələndirənlər də var.