Dünyada hökumətlər cavanlaşır, bizdə vəzifədə qocalırlar
YAP hakimiyyəti bütün sahələrdə analoqsuzluğunu davam etdirir. Dünyada baş verənlər bizim hökumətə qətiyyən cazibədar görünmür. Bizim ölkəmizdə bütün seçkilər görüntü xarakteri daşıyır, bu ölkədə vəzifədən azad etmə yoxdur, yerdəyişmə mövcuddur. 20 ildir eyni simalar, eyni vəzifələrə qaynaq edilib.
Bir neçə gün öncə Türkiyə yeni baş nazirini seçdi və məlum oldu ki, Artur Rəsizadənin baş nazir olduğu dövrdə Türkiyədə 7 baş nazir dəyişib. Ölkə başçısı Ilham Əliyev də müəyyən “rekord”lara sahibdir. Belə ki, Ilham Əliyevin prezident olduğu dövrdə Gürcüstanda, Iranda, Türkiyədə və digər ölkələrdə prezidentlər dəyişib. Ilham Əliyev 3-cü ABŞ prezidentini də yola salmaqda israrlıdır.
Əliyevin məmurları vəzifədə qocalmaq yarışında ümumiyyətlə rəqib tanımır.
Məsələn, PA rəhbəri Ramiz Mehdiyev 21 ildir eyni vəzifəni zəbt edib, Daxili Işlər Naziri Ramil Usubov 22 ildir bu postu tutur, Ədliyyə nazri Fikrət Məmmədov 16 il, Vergilər Naziri Fazil Məmmədov 17 il, Baş prokuror Zakir Qaralov 16 il, Mərkəzi Bankın sədri Elman Rüstəmov 21 il, “Qaçqınkom” Əli Həsənov 18 il, Nəqliyyat naziri Ziya Məmmədov 14 il, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov 21 ildir ki, vəzifədədir.
Bu siyahını uzatmaq da olar. Əgər Icra başçılarının vəzifə müddətlərinə baxsaq vəziyyət daha da acınacaqlıdır. Yəni, hökumət komandası qocalardan, vəzifə kürsüsünü zəbt edənlərdən ibarətdir. Əzrayıl elçi düşənə qədər məmuru postundan ayırmaq olmur.
Yuxarıda da qeyd etdiyimiz kimi dünya bu “ənənə”yə çoxdan son qoyub və heç bir normal hökumət əbədi hakimiyyətlik üçün planlar hazırlamır. Gözümüzün qarşısında prezidentlər, nazirlər, deputatlar dəyişir, yeni simalar, yeni komandalar üzə çıxır. Azərbaycanda isə səsiniz eşitmədiyimiz şəxs 21 il baş nazir, səsini eşitmədiyimz şəxs 22 il millət vəkili, səs vermədiyimiz adam 13 il prezident ola bilir. Nəticə budur ki, 23 ildir eyni komanda iş başındadır və heç bir işimiz düz getmir.
Əslində, ölkənin bu vəziyyətə düşməsinin əsas səbəbi vəzifə hərisliyidir. Əgər məmurlar xalqa xidmət etmək, dövləti gücləndirmək, uğurlar əldə etmək məqsədiylə vəzifəyə gəlsələr, nəticə tamam fərqli olar. Azərbyacanda isə vəzifə yüksəldikcə, talançılığın miqyası artır, vəzifədə olana insanlar şəxsi büdcəsini böyütməklə məşğul olur, məmurlar bütün sahələri öz əllərində cəmləşdirmək üçün mübarizə aparırlar və heç bir məsuliyyət hiss etmirlər. Çünki, xalqın səsiylə seçilmədiklərini, xalqın qarşısında hesabat verməyəcəklərini, qanunların kağız parçasına çevrildiyini bilirlər. Vəzifəli şəxslər əmindilər ki, vəzifədə qalmağın şərti dövlətə və xalqa deyil, hökumətin başında duranlara xidmətdən ibarətdir.
Mənzərə bundan ibarətdir ki, savadlı kadrlar, cəmiyyət üçün yararlı adamlar, vicdanlı ziyalılar sıxışıdırılıb, onların yerini isə fiziki və mənəvi baxımdan yorulmuşlar tutub. Ətrafımıza baxanda, nə qədər geri qaldığımızı, nə qədər geriyə atıldığımızı görürük. Nə qədər ki, bizi idarə edənlər vəzifədə ölmək məqsədi güdəcəklər, o zamana qədər də cəmiyyət geri gedəcək. Bu gedişat isə öz-özünə dayanmayacaq, bunu xalq dayandırmalıdır.
Akif