Komitənin «qərar» ilə «qanun»un fərqini bilməməsi, mətbuatı çökdürür
Xəbər verdiyimiz kimi bu il yanvarın 1-dən ölkəyə idxal olunan qəzet kağızlarına Gömrük Komitəsi ƏDV tətbiq etməyə başlayıb. Bu addım mətbuatın onsuz da çətin olan vəziyyətini daha da çətinləşdirir. Məqaləyə olan marağı nəzərə alaraq mövzuya bir daha qayıdırıq.
ƏDV-in tətbiqi tələbi onunla əsaslandırılır ki, Vergi Məcələsinin 164.2 maddəsi ləğv edilib. Ekspertlərə görə, əslində bu maddənin idxal olunan qəzet kağızlarına heç bir aidiyyatı yoxdur.
Ümumiyyətlə ƏDV-dən azad olmalar VM 164.1, 164.1.7 ci maddələri ilə tənzimlənir. Belə ki, 164.1 maddə: “Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağdakı növlərdən, habelə idxalın aşağdakı növlərindən ƏDV tutulmur”, 164.1.7-ci maddə: “KIV məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu KIV məhsullarının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti” qeyd edilir.
Gömrük Komitəsinin özü də gözəl bilir ki, idxal olunan qəzet kağızlarına ƏDV-inin tətbiqi qeyri qanunidir. Digər tərəfdən ölkəyə idxal olnunan qəzet kağızına görə alınan ƏDV böyük vəsait deyil. Amma bu böyük olmayan vəsait mətbuatın vəziyyətini və problemlərini bir qədər də artırır.
Mövzuyla bağlı söhbət etdiyimiz ekspert qəzetimizə maraqlı faktlar təqdim etdi. Məlumdur ki, 2005-ci ilə qədər idxal olunan qəzet kağızlarının ƏDV-dən azad olunması Vergi Məcəlləsi ilə tənzimlənirdi. Həmin ilin yanvarında Nazirlər Kabineti 11 saylı qərar qəbul edib. Bu qərara əsasən digər məhsullarla yanaşı idxal olunan qəzet kağızları da ƏDV-dən azad olundu. Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələri qüvvədə ola-ola qəzet kağızlarının Nazirlər Kabinetinin 11 saylı qərarına salınması qanuna zidd idi. Iyirmi oktyabr 2015-ci il tarixində 1384-IVQD saylı qanun ilə VM 164.2 maddəsi ləğv edildi. Bununla da Nazirlər Kabinetinin 11 saylı qərarı qüvvədən düşmüş oldu. Lakin VM-nin 164.1 və 164.1.7-ci maddələri qüvvədədir və idxal olunan qəzet kağızları ƏDV-dən azaddır. Buna baxmayaraq Gömrük Komitəsi idxal olunan qəzet kağızlarına ƏDV tələb edir. Burada sual yaranır. Ya Gömrük Komitəsi “qərar” ilə “qanun”un fərqin bilmir. Ya da Nazirlər Kabinetinin hansısa sifarişini yerinə yetirir.
Mövzuya yenə qayıdacağıq.
Hikmət