Ermənistanda xidməti maşınlar, Azərbaycanda vətəndaşa xidmət ləğv edilir
Təcrübə göstərir ki, Azərbaycan hakimiyyəti islahat aparmaq iqtidarında deyil. Daha doğrusu islahat aparmaq üçün siyasi iradə yoxdur. Hakimiyyət komandası korrupsiya üzərində bərqərar olub və bu təhlükəli siyasətdən imtina etmək fikirləri yoxdur. Atılan bütün addımlar, imzalanan bütün sənədlər, verilən bütün qərarlar şəxsi maraqların təmin olunmasına hesablanıb.
Faktiki olaraq bugünə qədər vətəndaşın rifahına xidmət edən hər hansı addımın şahidi olmamışıq. Hətta neftin qiymətinin kəskin düşməsi, valyuta ehtiyatlarının kəskin azalması, böhranın dərinləşməsi real islahatların aparılmasına səbəb olmadı. Sadəcə olaraq görüntü xatirinə yeni qurumlar yaradıldı, prezidentin sərəncamları oldu, boş-boş vədlər verildi.
Dəfələrlə yazmışıq ki, hakimiyyət ölkəni düşmən Ermənistandan da geriyə salıb. Bəli, Ermənistan siyasi-iqtisadi azadlıqların səviyyəsinə görə Azərbyacandan qabaqdadır və bu fakt beynəlxalq hesabatlarda özünü göstərir. Məsələn, bugünlərdə Ermənistan hökuməti 797 ədəd xidməti maşını ixtisara salmaq qərarı verdi. Hökumət aparatının rəhbəri David Arutyunyanın sözlərinə görə, bu qərar DIN və MN istisna olmaqla, bütün nazirlikləri əhatə edəcək. 107 maşın birbaşa dövlət orqanlarından, 690 maşın isə qeyri-kommersiya və kommersiya dövlət təşkilatlarından, o cümlədən dövlət fondundan geri alınacaq. Baş nazirin təklif etdiyi layihəyə görə, maşınlar şəxsi maraqlar üçün istifadə oluna bilməz. Məhz buna görə Mərkəzi Nəzarət Xidməti maşınların öz təyinatı üzrə istifadəsini yoxlayacaq.
Göründüyü kimi hökumət anti-böhran tədbiri kimi vətəndaşın cibinə girməyi yox, məmurun komfortundan kəsməyi nəzərdə tutur.
Bizim hökumətimiz isə anti-böhran tədbri kimi suyun qiymətini qaldırır, cərimələri artırır, kredit borcu olanları məhkəmələrlə qorxudur, maaşları gecikdirir, ixtisarlara start verir, bütün məhsulların qiymətini 30-40 faiz artırır, yolları pullu edir, torpaq sahəsi olanlara əlavə haqq qoyur və s.
Yəni, bütün tədbirlər vətəndaşın müflisləşdirilməsinə xidmət edir. Hökumət qənaət rejiminə keçdiyini elan etsə də, məmurların komfortuna toxunulmur. Hər il azərbaycanda xidməti avtomobillərin alınmasına, təmirinə, yanacağına yüz milyonlarla vəsait xərclənir. Hansıki, Azərbaycanda ən xırda məmurun 3-4 avtomobili var və bu adamları xidməti avtomobildən azad etməklə heç bir problem yaranmaz. Əksinə, büdcə xərclərinə qənaət edilər. Amma ölkədə ciddi maliyyə probleminin yaranmasına, xarici borcun artmasına baxmayaraq hökumət zəruri addımları atmır. Bugünlərdə Maliyyə naziri Samir Şərifov bildirdi ki, 2015-ci ildən lüzumsuz xərclərə qənaət edilib və məlum oldu ki, lüzumsuz xərclərin miqdarı 3.3 milyard manat təşkil edirmiş. Amma bu da məlum olur ki, yüzmilyonlarla vəsaitin itkisinə səbəb olan xidməti avtomobillər lüzumsuz xərclərə daxil edilməyib. Belə çıxır ki, lüzumsuz xərclər siyahısına vətəndaş üçün zəruri olan xərclər daxildir.
Ermənistan hakimiyyəti xərcləri azaltmaq üçün xidməti avtomobilləri ləğv edir, Azərbaycan hakimiyyəti isə xidməti avtomobilləri yeniləmək üçün vətəndaşın cibinə girir. YAP hakimiyyəti yeganə hakimiyyətdir ki, böhrandan vətəndaşı əzməklə çıxmaq istəyir. Hansıki, bu illər ərzində ölkədən oğurlanan milyardların 10 faizi ölkəyə qaytarılsa, bütün problemlərin həlinə nail olmaq mümkündür.
Bizim faciəmiz bundadır ki, bizi idarə edənlər dövlət və xalq anlayışını qəbul etmirlər. Bu hakimiyyət ən prinsipial məqamlarda da öz cibini güdür və xalqı davamlı olaraq basqı altında saxlamağa çalışır.
Bir sözlə, qaniçən Sarkisyan rejimi belə böhrandan sui-istifadə edib vətəndaşın cibinə girmir,xidməti avtomobilləri ləğv edir. Çünki, ictimai rəyin basqısından, vətəndaşın etirazından qorxurlar, özlərində məsuliyyət hiss edirlər. Azərbaycan hakimiyyəti isə xalqın son qəpiyini oğurlamağın yollarını axtarır.
Samir