Vətəndaşlardan yığılan işıq pulları hara sərf edilib?
Xəbər verildiyi kimi, 2015-ci ildə “Azərenerji” ASC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü il ilə müqayisədə 222 mln. 803,8 min manat və 2014-cü il ilə müqayisədə 201 mln. 796,3 min manat artaraq 348 mln. 665 min manatadək yüksəlib.
Bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.
Rəydə bildirilib ki, hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 223 mln. 673 min manat azalaraq 799 mln. 795,9 min manat, artıq ödəmənin həcmi isə 92,9 min manat artaraq 1 mln. 824,2 min manat təşkil edib.
Nəzərə alınmalıdır ki, prezidentin 2015-ci il 10 fevral tarixli sərəncamına əsasən, Azərbaycan ərazisində “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisilə istehlakçıların təmin olunması fəaliyyəti “Azərişıq” ASC-yə ötürülüb. O cümlədən, istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan “Azərenerji” ASC-nin balansındakı əmlak və digər avadanlıqlar “Azərişıq” ASC-nin balansına verilib. Eyni zamanda, 2015-ci ildə baş vermiş devalvasiya “Azərenerji”nin xarici kreditlər üzrə borc öhdəliyini əhəmiyyətli dərəcədə artırıb. Bu da digər öhdəliklərin, xüsusilə, yanacağa görə Neft Şirkətinə ödənişlərin aparılmasında çətinlik yaradıb. Göstərilənlərlə əlaqədar olaraq, “Azərenerji”nin maliyyə vəziyyətinin sağlamlaşdırılması, “Azərişıq”, “Azərenerji” və Dövlət Neft Şirkəti arasında qarşılıqlı ödəmələr probleminin tənzimlənməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq 2015-ci ilin 1 oktyabr tarixinə “Azərişıq”ın “Azərenerji”yə, “Azərenerji”nin Neft Şirkətinə yanacağa görə, yaranmış borclarının ödənilməsi məqsədilə “Azərişıq”a 416 mln. manat məbləğində büdcə ssudasının və “Azərenerji”nin 1 oktyabr tarixinə dövlət büdcəsinə vergilər üzrə yaranmış 360 mln. manat kreditor borcunun ödənilməsi üçün “Azərenerji”yə uzunmüddətli, aşağı faizli borcun verilməsi təmin edilib.
Uzunmüddətli aşağı faizli borc vəsaitlərini 2014-cü il ilə müqayisədə 2015-ci ildə “Azərenerji” üzrə büdcə ödənişlərinin əhəmiyyətli artmasında əsas mənbə kimi qiymətləndirmək olar. Bununla yanaşı, nəzərə alınmalıdır ki, hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcminin azalmasına baxmayaraq 01.01.2016-cı il tarixə olan borcun məbləği 799 mln. 795,9 min manat və ya dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə borclarının 68,2 faizini təşkil etməklə yüksək olaraq qalmaqdadır.
Büdcəyə borclu olan digər qurum “Azərbaycan Dəmir Yolları” QSC-dir. Qurumun vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 4 mln. 773,3 min manat və ya 3,5 dəfə, 2014-cü illə müqayisədə 3 mln. 425 min manat və 2 dəfə artaraq 6 mln. 660,8 min manata yüksəlib. QSC üzrə dövlət büdcəsinə olan borcların həcmi 2 mln. 780,9 min manat (4 dəfə) artaraq 3 mln. 702,7 min manat, artıq ödəmənin həcmi isə 1 mln. 373,4 min manat (20,2 faiz) azalaraq 5 mln. 435,8 min manat təşkil edib.
Enerji tariflərinin kifayət qədər yüksək olduğu, eləcə də, smart kartların tətbiqiylə əlaqədar, “Azərenerji”nin borcları bu qədər olmamalıydı. Həmçinin, yükdaşımalarda istənilən həddə rolu olan dəmiryolunun da dövlət büdcəsinə borclu qalması açıq qalan suallardandır. Belə bir vəziyyətdə, adıçəkilən qurumların niyə bu qədər borcu yığılıb?
Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, problemlərin miqyası bu sahələrdə çox ciddi yoxlamaların aparılmasını gündəmə gətirir. Energetika sektoruna diqqət etsək, 2007-ci ildən sonra enerji daşıyıcılarının əhali kateqoriyası üzrə qiymətləri təxminən, üç dəfə qaldırılıb. Bu sahənin investisiya ehtiyaclarını ödəmək baxımından, həmin sektora diqqəti artırmaqla yaranan problemləri həll etmək ehtimal edilirdi. Lakin bir müddət sonra həmin sahələrin problemlərinin həll olunmadığı və onların özü-özünü dolandıra bilmədiyi üzə çıxıb: “Energetika sektorunda göstəricilərin uzun müddət üçün dinamikası onu deməyə əsas verir ki, orda çox ciddi israfçılıq halları mövcuddur. Dövlət büdcə təşkilatlarının enerji istehlak səviyyəsi 90-cı illərdəki bütöv əhali kateqoriyasının istehlak səviyyəsinə bərabərdir. Hətta 4 aylıq göstəriciyə baxanda, büdcə təşkilatlarının natura ifadəsində istifadə etdiyi elektrik enerjisi 14-15 faiz artıb. Bu qədər israfçılığa baxmayaraq, borc daha da artıb”.
Ekspert bu sahənin ciddi təftişə ehtiyacı olduğunu deyir. Xərclərin süni şəkildə şişirdilməsi risqinin olduğunu deyən ekspert, mənfəətin aşağı düşdüyünü söyləyir. Həmin sahələrin gəlirlə işləməli olduğunu deyən ekspert, bunun əksini gördüyümüzü bildirir: “Nəqliyyat sektorunda da eyni bərbad vəziyyət yaradılıb. Sərinşin və yükdaşımada biabırçı vəziyyət hökm sürür. Həmin sektora milyardların yatırılmasına baxmayaraq, orada heç bir düzən yaradıla bilmir. Bu sektorları səriştəsiz adamların idarə etməsi belə dözülməz vəziyyət yaradıb. Maliyyə Nazirliyi, Hesablama Palatası fəaliyyətə keçməlidir. Səmərəli idarəçilik və istifadə, israfçılığa qarşı mübarizə bütün ciddiyyətiylə gündəmdə olmalıdır”.