Dostlar! May ayının 10-da Heydər Əliyevin heykəli üzərinə “Qul bayramınız mübarək” şüarı yazdıqlarına görə həbs edilib işgəncələrə məruz qalmış, hətta heykəldən üzr istəmələri təklif edilmiş Bayram Məmmədov və Qiyas Ibrahimovun başına gələnlər mənə Sovet dövründə baş vermiş bir hadisəni xatırlatdı. Sovet lideri Leonid Brejnevin Bakıya səfəri zamanı ona hədsiz sədaqətini nümayiş etdirmək üçün respublika rəhbərliyi şəhərin hər yerini Leninin və Brejnevin yaxası Sovet İttifaqı qəhrəmanı qızıl ulduzu ilə dolu portretləri ilə bəzətdirmişdi. Hətta, qarşılanma mərasimini idarə edən Yuli Qusman mikrofonla Leonid İliç Brejnev sözlərini guya çaşdığı üçün Vladimir İliç Brejnev kimi demişdi və sonra öz “səhvini” düzəltmişdi. Həmin vaxt Brejnevin Leninə bənzədilməsi naminə artıq tez-tez belə “səhvlərə” yol verilirdi. Səfər başlanan axşam naməlum gənclər gecə Brejnevin portretinin yaxasındakı ulduzları kəsib Leninin portretinin yaxasına yapışdırmışdılar. Sonra həmin gəncləri həbs etdilər, amma məsələ portretlərdən üzr istəmək səviyyəsinə gəlib çıxmadı.
Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin facebook səhifəsindən götürülüb.