“The Financial Times” yazır ki, baş nazir Ahmet Davutoğlunun postunu tərk etməsi ilə Türkiyədə iqtisadi islahatlar tamamilə dayanıb, çünki prezident Recep Tayyip Erdoğan yalnız öz hakimiyyətini möhkəmləndirmək qayığları ilə yaşayır.
Məqalədə deyilir ki, sözü gedən islahatlara Türkiyənin əmək bazarı, adamların hökumət zəmanətli pensiyaları və Türkiyə şirkətlərinin kapital qazanmasını təmin edəcək qiymətli kağızlar bazarı kimi mühüm sahələr daxildir.
Qəzet yazır ki, cənab Erdoğan ötən həftə Ahmet Davutoğlunu istefaya məcbur etdikdən sonra keçmiş baş nazirin Türkiyəni inkişaf etdirəcək və Avropa İttifaqına yaxınlaşdıracaq islahatları da tamamilə dayandırılıb.
İnvestisiyalar azalıb
Məqalədə deyilir ki, Davutoğlunun gedişindən sonra digər islahatçıların, məsələn maliyyə naziri Naci Ağbalın və baş nazir müavini Mehmet Şimşekin taleləri də havadan asılı qalıb.
Standard & Poor’s firmasından Frank Gill bildirib ki, son hadisələr Türkiyə hökumətinin yalnız konstitusiya islahatları üzərində düşündüyünü göstərir.
Analitik deyib ki, hazırda Türkiyədə pul əmanətləri üçün faizlər son dərəcə aşağı həddə enib.
Ölkənin əməkçı bazarı aşağı ixtisaslı olaraq qalmaqda davam edir. Ölkəyə xarici investisiyaların daxil olması 2006-cı ildən bəri ən zəif həddə düşüb.
Faktiki olaraq tikinti və bank sahələrindən başqa indi Türkiyədə heç bir sahəyə investisiya yatırılmır.
Qəzet yazır ki, maliyyə nazirliyindəki texnokratlar şəxsi söhbətlərində belə bir vəziyyətdən gileylənsələr də, hazırda ölkə iqtisadiyyatı kifayət qədər yaxşı durumda olduğundan islahatların axsadığı hiss olunmur. 2015-ci ilin son rübündə iqtisadi artım 5, 7 faiz olub. Bu, 2011-ci ildən bəri ən yaxşı göstəricidir.
“The Financial Times” yazır ki, cənab Erdoğan keçmişlərdə iqtisadi islahatları dəstəkləsə də, indi onun diqqəti öz hakimiyyətinin möhkəmləndirilməsinə yönəlib.
Bu məqsədlə prezident jurnalist və ziyalılardan qaynaqlanan narazılığa nəzarət etməyə çalışır, onun prezidentlik səlahiyyətlərini artıracaq referenduma nail olunması üçün dəstək toplayır.
Prezidentin kürəkəni
Məqalədə deyilir ki, Türkiyənin islahatlardan imtina etməsi ölkəni istehlak əsaslı artımdan daha da asılı edəcək. Nəticədə hazırda 11 faiz təşkil edən işsizliyin ixtisarı daha da çətinləşəcək.
Keçmiş maliyyə naziri cənab Şimşek bu ilin əvvəllərində investorları arxayın etməyə çalışaraq vəd etmişdi ki, islahatlar tezliklə həyata keçiriləcək.
Hakim Ədalət və İnkişaf (AKP) partiyasından iki anonim mənbə “The Financial Times” qəzetinə bildirib ki, hazırda baş nazir müavini Şimşekin prezidentin kürəkəni Berat Albayrakla əvəzlənməsi hazırlanır. Cənab Şimşek bu xəbəri şərh etməkdən boyun qaçırıb.
Qəzet yazır ki, hətta cənab Şimşek vəzifəsində qalsa belə onun, qeyri-populyar və maliyyə baxımından bahalı islahatları AKP-dən keçirə biləcəyi şübhə doğurur.
Global SourcePartners konsaltinq firmasından Murat Ucer deyib ki, əslində Şimşek investorların başını qatmaqla vaxt qazanmağa çalışır.
Lakin onun çətinliyi həmişə eyni olub: vəd etdiyi islahatlar və onların siyasi baxımdan qeyri-mümkünlüyü.
O hətta vəzifəsində qalsa belə, mövqeləri xeyli zəifləmiş olacaq – çünki hazırda gündəliyin baş məsələsi prezident üsul-idarəsidir.
(bbc azəri)