Yaxud, qarşılıqsız sevginin nəğməsi
İlham Hüseyn
Daha bir Avroviziya yarışması başa çatdı. Etiraf edim ki, heç vaxt bu yarışmanı səbrsizliklə gözləməmişəm, yarışmanı dəqiqliklə izləməmişəm. Amma həmişə yekun nəticələr göstərib ki, bu yarşmanın tərkibinə siyasət də qatılıb. Budəfəki yarışmada siyasətin tamı daha çox hiss olundu və rahat şəkildə demək olar ki, Avroviziya siyasiləşmiş yarışmadır.
Təbii ki, yarışmada türk mənşəli Cəmalənin qalib gəlməsi bizi sevindirdi. Mahnının sözlərinə, verdiyi mesaja diqqət edəndə qələbənin ədalətli olduğu bir daha aydın görünür.
Amma bu yarışma yaddaşlarda təkcə Cəmalənin qalibiyyəti ilə deyil, Azərbaycan hökumətinin növbəti cəsarətsizliyi ilə qaldı.
Belə ki, Ermənistan Rusiya təmsilçisinə 2 xal verdiyi halda, Azərbaycan Rusiyalı təmsilçiyə 12 xal verdi. Eyni zamanda Rusiya Ermənistan təmsilçisinə 12 xal verdiyi halda, Azərbaycan təmsilçisinə 10 xal verdi.
Bəli, Rusiyanın sayəsində 20 faiz torpğımızı işğal etmiş, Rusiyanın birbaşa dəstəyi ilə ayaqda dayanan Ermənistan bu ölkəyə 2 xal verdi. Amma Azərbaycanın saysız-hesabsız jestlərinə baxmayaraq, hətta yarışamda Azərbaycandan 12 xal aldıqdan sonra da Rusiya Azərbaycana cəmi 10 xalı bəs bildi.
Hətta şou göstəilən səhnədə də Rusiya Ermənistanın tərəfdarı kimi çıxşı etdi və bununla yanaşı Azərbyacandan ən yeksək xal qazandı.
Yuxarıda da qeyd etdiyimiz kimi bu yarışma siyasiləşib və verilən xallar da buna xidmət edir. Amma Azərbaycan hökuməti hətta şou səhnəsində də adekvat addım ata bilmədi. Rusiyaya verilən 12 xal qeyri-müstəqiliyin, cəsarətin qısırlığının göstəricisi idi. Guya, Azərbaycan Rusiyaya məsələn, 5 xal versəydi, Rusiya bizə müharibə elan edəcəkdi? Rusiyanın quberniyası hesab etdiyimiz Ermənistan bu ölkəni 2 xala layiq görürsə, biz niyə bu ölkəyə ən yüksək xalı veririk?
Rusiyanı bu qədər qarşılıqsız sevmək qürursuzluq deyilmi? “Lazım”, Avroviziya yarışmasında da özünü göstərə bilmirsə, döyüş cəbhəsinə necə gələ bilər? 12 xalını Rusiyadan azad edə bilməyən hökumət, 20 faiz torpağı hansı cəsarətlə azad etmək istəyir? Ümumiyyətlə, hökumət nəyin qarşılığında Rusiyaya bu qədər sədaqət nümayiş etdirir?
Əslində o 2 xalı Rusiyaya Ermənistan yox, biz verməliydik. Belə çıxır ki, bizim qisasımızı da Rusiyadan Ermənistan alıb? Bu durumda Rusiyanın quberniyasına daha çox biz oxşamırıqmı?
Özümüzü ölkə xaricində biabır etməkdənsə, bu yarışmada iştirakdan imtina edək. Bəli, qətiyyətli qərar verməyi, lazımi addımlar atmağı bacarmırıqsa, Rusiyanın zəhmindən şou səhnəsində də azad ola bilmiriksə, sakitcə yerimizdə oturaq.
Bəlkə, atəşkəsi Ermənistanın xahişi ilə dayandırdığımız kimi, Rusiyaya verdiyimiz 12 xalın arxasında da Ermənistanın xahişi dayanır?
Reallıq budur ki, ölkədə “ədalət nəğməsi” oxuyanların səsini batıran hökumətimiz, yarışmada “erməni nəğməsi” oxuyanların səsinə səs verdi.
Bir sözlə, prinsipsizliyin, qeyri-müstəqilliyin səsi İsveçdən də eşidildi. Azərbaycan təmsilçisinin 17-ci yeri tutması yox, qətiyyətsizliyin 12 xalı bizi sarsıtdı.