Manatın 2 dəfə dəyərdən düşməsi, işsizlik, bahalaşma xalqımızın real yaşayış səviyyəsini çox ciddi şəkildə pisləşdirib. Bu ilin ilk 2 ayının nəticəsinə görə əhalinin istehlak səviyyəsi 38,6% pisləşib. Yəni xalq ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,6% az (dollarla qiymətləndirəndə) mal və məhsullar alıb. İqtisadiyyatımız inamla uçurumun dibinə gedir. Neftin qiyməti bir tərəfə, istehsalı belə bu ilin 3 ayında ötən illə müqayisədə 15 faiz azalıb və azalmaqda davam edəcək. Xalqa yalandan ümid verirlər ki, qeyri-neft sektorunu inkişaf etdirəcəklər. Yalandır! İlin ilk 3 ayında qeyri-neft sektoru üzrə ixracdan gəlirlərimiz 38% azalıb və bu azalma davamlı olacaq. Çünki qeyri-neft sektoruna 3 aylıq kapital qoyuluşu yenə də ötən illə müqayisədə 80% azalıb. Ağız dolusu danışırlar ha, xarici sərmayə cəlb edəcəyik. O da yalandır. İlin ilk 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə 23.6% az xarici sərmayə cəlb edilib. Elə vəziyyət yaradıblar ki, hətta burada olan xarici şirkətlər də ölkəni tərk edir. Yalnız 2015-ci il ərzində 71 xarici şirkət və ya nümayəndəlik bağlanıb. Hakimiyyət xalqın fikrinin cəbhə bölgələrində olmasına və sosial çətinliklərin arxa plana keçməsinə ümid etməli deyil. Sosial-iqtisadi böhranı durdurmaq üçün təcili tədbirlər görülməlidir. Əks təqdirdə böhran iflas mərhələsinə keçəcək.