Eldar Mahmudovun dəstəsilə bağlı istintaq yekunlaşıb; məhkəmə qapalı keçiriləcək
Əyyub Kərim: «Məhkəmə qapalı keçiriləcəyi təqdirdə bu iş ətrafında müxtəlif mülahizələr irəli sürüləcək, şayiələr yayılacaq»
Cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində ittiham olunan Akif Çovdarovun və ləğv olunmuş MTN-in digər generallarının işi üzrə istintaq başa çatıb, prokurorluq materialları məhkəməyə verməyə hazırlaşır. Bu barədə məlumatı virtualaz.org saytı yayıb.
Məlumatda deyilir ki, mühakimə olunanların hamısı hərbçi olduğundan onların işinə Hərbi Məhkəmədə baxılacaq. Bundan başqa, o da bildirilir ki, generalların məhkəməsi qapalı keçiriləcək.
Tanınmış hüquqşünas, “Femida 007″ qəzetinin baş redaktoru Əyyub Kərim bildirib ki, işə Hərbi Məhkəmədə baxılması qanunvericiliyə ziddi deyil. Çünki MTN əməkdaşları hərbçi sayılırlar. Məhkəmənin qapalı keçirilməsinə gəlincə, isə Əyyub Kərim bunu doğru saymır: ”Əvvəla, bu işdə dövlət çevrilişi, dövlət sirrinin yayılması ilə bağlı hər hansı ittiham yoxdur. Hər halda rəsmi qurumların yaydığı məlumata görə, bu adamlar vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, rüşvət alma, dələduzluq, hədə-qorxu yolu ilə pul tələb etmə və s. bu kimi maddələrlə ittiham olunurlar. Yəni, onlara verilən maddələr məhkəmənin qapalı keçirilməsinə əsas vermir.
Ikincisi, məhkəmə qapalı keçiriləcəyi təqdirdə bu iş ətrafında müxtəlif mülahizələr irəli sürüləcək, şayiələr yayılacaq və s. Hətta Hacı Məmmədovun, 1994-cü ildə MTN-dən qaçışla ələqadar qurumun sabiq rəhbəri Nəriman Imranovun məhkəmə prosesi belə qapalı keçirilmədi”.
Xatırladaq ki, “MTN işi” ilə bağlı həmin qurumun yüksək vəzifəli onlarla generalı və zabiti həbs olunub. Onların hamısı cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində ittiham olunurlar.
A.Çovdarov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.
O, ötən ilin noyabr ayında həbs edilmiş və barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilmişdi.