Elxan Şahinoğlu: «Gələcəkdə həmin qüvvələrin Dağlıq Qarabağda sülhməramlı qüvvələr kimi yerləşdirilməsi barədə danışıqlar da mümkün ola bilər»
Xəbər verildiyi kimi, Almaniya Avropada vahid ordu ideyasını gerçəkləşdirmək istiqamətində səylərini artırıb. Məlumata görə, hökumət layihəni bu ilin iyul ayında təqdim edəcək. Məlumatda qeyd edilib ki, sənəd ordunun fəaliyyətini koordinə etmək üçün müdafiə nazirlərinin Avropa üzrə vahid baş komandanlığının yaradılmasını, həmçinin hərbi texnikanın birgə istehsalı və istifadəsini nəzərdə tutur. Almaniyanın bununla yanaşı, kibertəhlükəsizlik sahəsində də əməkdaşlığı gücləndirməyi planlaşdırdığı bildirilir.
Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropa Birliyinin vahid ordusunun vacibliyini hələ ötən il qeyd edib. Bu ideyanı ilk dəstəkləyən Almaniya kansleri Angela Merkellə birlikdə Almaniyanın müdafiə və xarici işlər nazirləri də olub. Onlardan fərqli olaraq Kreml ideyanı təpki ilə qarşılayıb.
Dünyada baş verən proseslər, Qarabağ problemi, ümumiyyətlə, Rusiyanın Qarabağda sülhməramlılar yerləşdirməsi planı hazırda müzakirə olunan məsələlərdir. Belə bir vəziyyətdə vahid ordu yaradılmasının ölkəmizin təhlükəsizliyi baxımından bizə hansı faydası ola bilər?
Politoloq Elxan Şahinoğlu söyləyir ki, Dağlıq Qarabağ münaqişəsinin hansısa mərhələsində ora fövqəladə qüvvələr yerləşdirilə bilər. Rusiya Ermənistanın da ona dəstək verməsi arzusundadır: “Bu məsələ ancaq ATƏT-in 1994-cü il Budapeşt sammitinə ziddir. Çünki orda qərar var ki, heç bir dövlət sülhməramlı qüvvələrin tərkibindən üstün ola bilməz. Amma məsələ burasındadır ki, ATƏT-in öz qüvvələri də yoxdur. Avropa Birliyinin öz qüvvələrini yaratması yerinə düşür. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hansısa mərhələsində bu məsələni qaldıra və aktuallaşdıra bilər. Artıq danışıqlar da başlaya bilər ki, gələcəkdə həmin qüvvələr Dağlıq Qarabağda sülhməramlı qüvvələr kimi yerləşdirilsin. Məncə, Avpropa Birliyi buna etiraz etməz. Çünki, Azərbaycan və Ermənistan Avropa Birliyi ilə çox sıx əməkdaşlıq edir”.
Nigar