Məhəmməd Talıblı: «Münasibətlərə yenidən baxılmaması həm də investisiyaların ölkəmizə axınını tormozlayır»
Rövşən Ağayev: «Belə bir cavabın siyasi və iqtisadi fəsadları olacaq»
Xəbər verdiyimiz kimi Açıq Hökumət Tərəfdaşlığının İdarəetmə Komitəsi çərşənbə günü Azərbaycanın bu layihədə iştirakını “qeyri-aktiv” edib. Komitə “təəssüflə” bildirib ki, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün Azərbaycanda “həll olunmamış maneələr” üzündən belə bir qərar verməli olub. AHT öz tarixində ilk dəfədir ki, belə bir qərar verməli olduğunu deyib.
Onu da vurğulayaq ki, AHT tarixində ilk dəfədir ki, belə bir qərar verib.
Azərbaycana qeyri-aktiv status verildi
Komitənin bəyanatında deyilir ki, Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən qaldırılmış narahatlıqlara cavab vermək üçün maksimum bir il vaxtı olacaq. Qeyri-aktiv statusla isə Azərbaycan “AHT seçkilərində səs verə bilməyəcək və AHT tədbirlərində yalnız müşahidəçi kimi, öyrənmə məqsədilə iştirak edə biləcək.
Məlumat üçün onu da deyək ki, AHT hökumətlərin şəffaflıq, vətəndaşlara səlahiyyətlər verilməsi, korrupsiya ilə mübarizə, idarəetmənin güclənməsi üçün yeni texnologiyaların tətbiqini tələb edən çoxtərəfli təşəbbüsdür.
Hazırda cəmiyyətdə bu platformanın mahiyyəti və çıxarılan qərarın ölkəmizə təsirləri ilə bağlı yetərincə informasiya olmadığı üçün oxucularımızı bu barədə məlumatlandırmaq qərarına gəldik. Diqqətinizə iqtisadçı ekspertlərin sözügedən məsələ ilə bağlı mövqeyini çatdırırıq. Hər iki ekspertin fikirləri facebook səhifəsindən götürülüb.
«Ən ciddi iki qlobal təşəbbüsdə geriləmə»
İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, açıq cəmiyyətin formalaşması və şəffaflıq təşəbbüslərinin sərhədlərinin genişlənməsi artıq qloballaşan dünyada yeni tendensiya təşkil edir. Ekspert qeyd edib ki, ötən il Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində ölkəmizin statusu bir pillə aşağı salınıb. İndi isə AHT üzrə beynəlxalq İdarə heyəti ölkəmizin bu təşəbbüsdə iştirakını “qeyri-aktiv” səviyyəyə düşürməsi haqqında qərar verib.
Məhəmməd Talıblının sözlərinə görə hər iki təşəbbüs (T.Bleyer və B.Obama) ən ciddi qlobal təşəbbüs hesab olunur və ən üstün mandat deməkdir. «Hər ikisində oxşar narazılıq hökumətin vətəndaş cəmiyyəti insitutlarına total hücumları əsas gətirilir. Münasibətlərə yenidən baxılmaması isə təkcə hökumətin qlobal reytinq göstəricilərini pisləşdirmir, həm də xarici investisiyaların ölkəmizə axınını tormozlayır», deyə M.Talıblı vurğulayıb.
Yanlış siyasət və nəticələr
İqtisadçı Rövşən Ağayev isə yazır ki, indi dünyada məmurlardan öz gəlirləri barədə vətəndaşlarına məlumat təqdim etməyi, dövlət orqanlarından öz fəaliyyətləri barədə hesabatları bütün detallarına qədər vətəndaşına açıqlamağı tələbə çevirən yeganə təşəbbüs budur. Eyni zamanda insanların problemlərinin həlli üçün idarəetmədə iştiraka şərait yaratmağı, vətəndaş cəmiyyətinə hərtərəfli sərbəst fəaliyyət üçün meydan verməyi minimum standart olaraq: «İkinci belə platforma və ya beynəlxalq təşkilat yoxdur ki, bütün bu məsələlərin hamısını bir yerdə hökumətlərin stolunun üzərinə qoysun. Platformanın dəyər və prinsiplərinin qorunması ilə bağlı siyasət sənədinə görə, qeyri-aktiv üzv statusu almış ölkə ona verilən vaxt ərzində öhdəliklərini icra etmədikdə, həmin ölkə üzv ölkələr siyahısından çıxarılır. Bizə bir vaxt verilib. Öhdəliyimiz isə vətəndaş cəmiyyətinin sərbəst və maneəsiz fəaliyyəti üçün hüquqi təminatların bərqərar edilməsidir».
Bəs, hökümət bu öhdəlikləri yerinə yetirmədiyi təqdirdə onu hansı nəticələr gözləyir? R.Ağayev qeyd edir ki, belə bir cavabın siyasi fəsadları olacaq: həmin andan etibarən bütün qərar qəbul edən və rəy yaradan beynəlxalq mərkəzlər Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq Platformasının şəffaf və hesabatlı olmaqdan imtina etdiyi üçün sıralarından çıxardığı ölkəni əsasən bu rəy əsasında qəbul edəcəklər. Diplomatik və siyasi baxımdan haqlı olduğumuz məsələlərdə haqsız duruma düşmək üçün mexanizmə çevrilmək təhlükəsi var bu rəylərin.
İqtisadi fəsadlar olacaq: beynəlxalq borc bazarlarına çıxmaq, ölkəyə ciddi investorları dəvət etmək istəyəndə şəffaflıq və hesabatlılıq, vətəndaş cəmiyyətinin durumu ilə bağlı vəziyyət yenə də tələb olaraq hökumətin qarşısına çıxacaq”.
İlkin İsmayıl