Nemət Əliyev: «Bununla milli valyutaya marağı artırmağa, onu möhkəmləndirməyə çalışırlar»
Samir Əliyev: «Kredit götürmək istəyənlərin imkanları daha da məhdudlaşacaq»
Daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası 4 may 2016-cı il tarixində keçirilən növbəti iclasında sağlam borclanma və məsuliyyətli kreditləşməyə dair qərar qəbul edib. Qərarda xarici və milli valyutada istehlak kreditlərinin verilməsi şərtləri və onlara dair yeni prudensial çərçivə öz əksini tapıb. Bu barədə Palatadan məlumat verilib.
Palatandan bildirilib ki, xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış xarici valyutada olan istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair 04 aprel 2016-cı il tarixli qərar qüvvədə qalır. Bundan əlavə, daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulur.
Eyni zamanda, qərar valyutada borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiyasını mümkün edir.
Bununla yanaşı, milli valyutada istehlak kreditlərinin verilməsi borcalanların borc yükünün izafi artmasının məhdudlaşdırılması əsasında aparılacaqdır. Bu məqsədlə borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsallarının daxil edilməsi nəzərdə tutulur.
Qəbul edilmiş qərar 6 may 2016-cı il tarixindən qüvvəyə minir.
Eyni zamanda, bank sisteminin dayanıqlığının təmin olunması məqsədi ilə gələcəkdə banklara kredit risklərinin idarə edilməsində daha sərt prudensial çərçivənin tətbiq olunması üzrə də qərar qəbul edilmişdir.Bu zaman kapital buferinin möhkəmləndirilməsi və gözlənilən zərərlərə qarşı ehtiyatlanmanın mərhələli artırılması nəzərdə tutulur.
Manatla istehlak kreditlərinə məhdudiyyət qoyulub
Beələiklə manatlı istehlak kreditlərinə məhdudiyyət qoyulub. Palatanın qərarına görə, milli valyutada istehlak kreditləri o şərtlə verilə bilər ki, müştərilərin borc yükü izafi artmasın. Yeni əmsallar tətbiq ediləcək. Əmsallardan biri borcyükünün gəlirə nisbətinə, digər əmsa lisə kreditin məbləğinin təminatı nisbətinə aiddir.
Tətbiq edilən yeni qaydalar iqtisadiyyata nə vəd edir? Daşınmaz əmlakın satışında xarici valyutadan istifadənin qadağan olunması tikinti şirkətləri üçün yeni problemlərin yaranması demək olacaq.
İqtisadçı Nemət Əliyev hesab edir ki, bu ev satışının dövriyyəsini məhdudlaşdıracaq. Manatın iki dəfə devalvasiyası nəticəsində konkret halda tikinti sektoru uzun müddətli kredit verilməsini məhdudlaşdırdığını deyən N.Əliyev bildirdi ki, manat növbəti dəfə də dəyirini itirə bilər. N.Əliyev bildirdi ki, ona görə tikinti şirkətləri işlərini sığortalamaq və kredit yönümlü fəaliyyətlərini davam etdirməkdən ötrü, xarici valyutaya üstünlük verirdilər: «Bununla tikinti şirkətləri Azərbaycanın tikinti sektoruna yönəltmiş olduqları maliyyəni sığortalamış olurdular. Maliyyə Palatası son qərarı ilə xarici valyutada mənzillərin alqı-satqısını məhdudlaşdırır. Maliyyə Palatasının bu addımı atmasının səbəbi aydındır. Bununla adı çəkilən qurum milli valyutaya marağı artırmaq, onu möhkəmləndirmək məqsədi daşıyır. Bu istiqamətdə fəaliyyət olmalıdır. Amma qaş düzəldərkən, gözü çıxartmaq olmaz. Düşünürəm ki, ümumi işə ziyan vura biləcək, işgüzarlığı aşağı salan addımlardan çəkinmək lazımdır».
İqtisadçı Samir Əliyev mövzu ilə bağlı paylaşdığı statusda dollarla kredit verilməsinə qoyulan məhdudiyyətə daha çox diqqət ayırıb. İqtisadçı bildirdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz etdi. Ancaq heç də hamı belə kreditlərdən yararlana bilməyəcək. Bəs, kimlər xarici valyutada istehlak krediti ala biləcək?
- Xarici valyutada gəlirləri olan şəxslər;
2. Banklarda xarici valyutalarda əmanətləri olan şəxslər;
İqtisadçının sözlərinə görə, ölkədə hazırda 2,5 milyona yaxın əmanətçi var. Ölkə üzrə əmanətlərin 85%-nin xarici valyutada olduğunu nəzərə alsaq bu halda təxminən 2 milyon nəfərin xarici valyuta kreditlərindən yararlanmaq imkanı əldə edəcəyini zənn etmək olar: «Palata bir aylıq qadağadan sonra banklarda borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir. Yəni banklar belə kreditlərin şərtlərini mayın 6-dan başlayaraq yüngülləşdirə bilərlər.
Palata həmçinin xarici valyutada ipoteka kreditlərinin verilməsi qadağan edilib.
Palata xarici valyuta ilə yanaşı, milli valyutada da istehlak kreditlərinin verilməsi şərtləri sərtləşdirilir. Bundan sonra borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları daxil ediləcək. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq. Aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər isə həmişəki kimi kənarda qalacaq».
Xəyal