“DQR”in tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin növbədənkənar iclasının gündəliyinə daxil edilməyib.
Xəbəri BBC Ermənistan parlamentinə yaxın mənbələrə istinadən verib.
BBC xəbər verir ki, növbədənkənar iclasda 15 məsələ və 4 beynəlxalq saziş müzakirə ediləcək, lakin Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qanun layihəsi bunların arasında yoxdur.
***
Ermənistan baş nazirinin mətbuat katibi Qoar Poqosyan özünün “Facebook” səhifəsində ölkə hökumətinin “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini bəyənməsi barədə xəbərləri təkzib edib.
“Hökumətin yekun fikrində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət DQR-in müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib”, – deyə o bildirib.
***
Bu gün Ermənistan hökuməti müxalifətdən olan deputatlar Zauru Postancyan və Qrant Baqratyan tərəfindən hazırlanan, qondarma “DQR”in tanınmasını nəzərdə tutan qanun layihəsinə baxıb.
İclasda Ermənistan XİN-in rəyi qəbul edilib və qanun layihəsi parlamentə göndərilib. XİN-in rəyində deyilir ki, “DQR”in tanınmasına dair qanun layihəsinin qəbul edilməsi Ermənstanla Dağlıq Qarabağ arasında aparılmış müzakirələrin nəticəsidir.
İclasdan sonra layihənin müəlliflərindən olan Zauru Postancyan jurnalistlərə bildirib ki, hökumət bununla “DQR-in tanınması prosedurunu” başladıb.
Növbəti mərhələdə parlament həmin qanun layihəsinə baxmalıdır. Erməni KİV xəbər verir ki, parlament bu məsələni mayın 10-da müzakirə edəcək.