Vatikanda xarabalıqları abad edənlər, Şəkidəki xaraba məktəbdən niyə bixəbərdi?
Azərbaycanda elm və təhsilə verlən “qiymət” haqqında çox danışmışıq. Təhsil müzakirə mövzusu olanda hökumət dərhal tikilən məktəb binalarını göz önünə gətirir və bununla da təhsilə qayğının olduğunu sübut etmək istəyir. Amma dəfələrlə sübuta yetirilib ki, ölkədə saysız-hesabsız təmirə ehtiyacı olan məktəblər var. Hətta ucqar kəndlərdə uçuq daxmalarda, nimdaş tikililərdə dərs keçirildiyinin şahidi olmuşuq və belə məktəblərin görüntüləri tez-tez sosial şəbəkələrdə yayılır.
Yəni, hökumət şəhərdə, rayon mərkəzlərində tikilmiş məktəbləri reklam edir, amma kəndlərdə acınacaqlı vəziyyətdə olan məktəbləri abadlaşdırmaq istəmir. Bunlara lazımdır ki, məktəb tikintisi adı altında milyonlar mənimsənilsin. Əgər həqiqətən də təhsilin inkişafı, şagirdlər üçün münbit şəraitin yaradılması hökumət üçün prioritet olsaydı, bu gün ölkədə bir dənə də bərbad məktəb olmazdı. Bu illər ərzində ölkəyə yüz milyardlarla vəsait daxil olub ki, bunun da az bir hissəsiylə problemi həll etmək olardı. 21-ci ildə zirzəmidə, uçuq daxmalarda dərs keçmək biabırçı faktdır.
Bugünlərdə isə daha dəhşətli bir mənzərə ilə qarşılaşdıq. “Region.Tv”nin yaydığı fotolardan da görünür ki, Şəkinin Muradbəyli kəndində şagirdlərə vaqonda dərs keçilir. Qatar vaqonunda yerləşən məktəbdə iki sinif mövcuddur. Bu müəssisə Xocalıdan olan məcburi köçkünlərin uşaqları üçün yaradılıb. Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin Şəki şəhəri üzrə nümayəndəliyindən bildirilib ki, bu il dövlət proqramında Muradbulaq kəndində yaşayan sakinlər üçün yeni qəsəbə və məktəbin salınması nəzərdə tutulmayıb. Yəni, şagirdlər vaqonda dərs keçməyə davam edəcəklər.
Bəli, Gürcüstanda erməni kilsələrinə pulsuz qaz verənlər, ermənilərin didərgin saldığı Xocalılara normal məktəb vermirlər. Həştərxanda dəbdəbəli bağça tikdirən, Vatikanda xarabalıqları abad edən, Serbiyada, Fransada xeyriyyə laiyhələri həyata keçirən Heydər Əliyev Fondu Şəkidəki bu acınacaqlı mənzərəni görə bilmir. Ölkədən vaqon-vaqon pul çıxaranlar, şagirdləri vaqon məktəbdən xilas etmirlər.
21-ci əsrdə Azərbaycanda doğum evində, qəbristanlıqda, vaqonda dərs öyrənən şagirdlər var. 17000 tələbəni təhsil haqqına görə ali məktəblərdən kənarlaşdıran zehniyyətin şagirdləri vaqona məhkum etməsi təbiidir.
Hər rayonda Heydər Əliyev muzeyinin, Heydər Əliyev heykəlinin, Heydər Əliyev kompleksinin tikintisinə pul ayıranlar, bu biabrıçı problemi həll etmək üçün hələ qərar qəbul etməyiblər.
Yuxarıda da qeyd etdiyimiz kimi yüzlərlə bu vəziyyətdə olan “məktəb” mövcuddur. Bu məktəblər haqqında məlumat verilsə də, sosial şəbəkələrdə geniş müzakirə mövzusu açılsa da nəticə dəyişmir.
Yəqin ki, hansısa ölkədə belə bir məktəb olsaydı, Heydər Əliyev Fondu çoxdan tikintilərə start vermişdi. Bizim hökumətin səxavəti yalnız özgələrə xidmət edir. Hökumət öz xalqının yox, özgələrin rəğbətini qazanmaq üçün mübarizə aparır.
Samir